Bu gün Milli Gimnastika Arenasında keçirilən Bakı “Böyük Dəbilqə” turnirinin ikinci yarış günündə kişilər arasında -73 kq və -81 kq çəki dərəcələrində dörd cüdoçumuz həlledici görüşlərə çıxacaq.
İdmanxeber.az xəbər verir ki, -73 kq çəkidə Rəşid Məmmədəliyev dünya ikincisi olan yaponiyalı cüdoçu Tatsuki İşihara ilə finalda üz-üzə gələcək. Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal uğrunda gənclər arasında dünya çempionu digər Yaponiya idmançısı Ryuqa Tanaka ilə mübarizə aparacaq.
-81 kq çəkidə Zelim Tçkayev qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə qarşılaşacaq. Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli isə üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekovla tatamiyə çıxacaq.