AFFA Məşqçilər Komitəsinin üzvü, “Neftçi”nin keçmiş baş məşqçisi, tanınmış futbol mütəxəssisi Böyükağa Hacıyev ölkə.az-ın suallarını cavablandırıb.
– Böyükağa müəllim futbol mövsümü başa çatdı. Hansısa klubdan təklif almısınızmı?
– Hələ ki, heç bir təklif yoxdur. Xaricdən bir menecerim gəlib, onunla danışıqlarımız davam edir.
– Meneceriniz hansı ölkədəndir?
– İrandan. Onunla söhbətimi bitirəndən sonra dəqiq söz deyə biləcəyəm.
– Yəqin ki, ölkədən kənarda işləmək perspektivi də var.
– İnşallah.
– Yerli klublardan təklif gəlsə, qəbul edəcəksiniz, yoxsa ancaq xarici komandada işləmək istəyirsiniz?
– Yerli nə klub var ki, sadala görüm.
– “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “İnter” kimi klublarımız var…
– “Qarabağ”da Qurbandı, “Qəbələ”də Qriqorçukdur.
– AZAL da var.
– Mən hər klubda da işləmərəm.
– Yəni AZAL-a getməzsiniz?
– Bu reytinqi yığmamışam ki, havayı xərcləyəm.
– Mütləq iddialı klub olmalıdır?
– Bəli, əlbəttə. Kim çempionluq istəyirsə, o gəlməlidir mənim üstümə.
– Azərbaycanda bir komandanı çempion etməyə nə qədər büdcə lazımdır?
– Yeddi milyon versinlər mənə, istədiyin komandanı çempion edim.
– Hazırda klublarımızın büdcələri 7 milyondan çoxdur?
– “Neftçi”də büdcə yeddi milyon idi. Vaxtı-vaxtında pulumuzu alırdıq.
– Sizdən sonra büdcə artırılmışdı?
– Ondan xəbərim yox idi. Mən öz dövrümə cavabdehəm. Bilirəm ki, yeddi milyonu aşmırdı.
– Hazırda “Neftçi” çətin günlərini yaşayır. Sizcə, komandanın əsas problemi nədir?
– Bu suala cavab verə bilməyəcəyəm. Çünki qıraqda durmuşam, o mətbəxdən uzaqdayam.
– Mətbuatın yazdığına görə, Pro kateqoriyalı məşqçi kurslarının imtahanından kəsilmisiniz…
– Sənin fikrincə, mən qiymət ala bilmirəmsə, kim ala bilər?
– Yəni yalan informasiyadır?
– Boş söhbətdir.
– Təcrübəli mütəxəssis kimi gənc həmkarlarımızdan hansının işini bəyənirsiniz?
– Mirbağır İsayevin.
– Mütəxəssis kimi onun özəlliyi nədədir?
– Çox xarizmatik məşqçidir, öz işini bilir, işinə ciddi münasibəti var. Ona görə də Mirbağıra mütəxəssis kimi hörmət bəsləyirəm.
– “Neftçi”dən təklif olsa, üçüncü dəfə bu kluba qayıtmağınız mümkündürmü?
– Mən məşqçiyəm, azərbaycanlı oğluyam. Futbolumuzun istənilən nöqtəsi mənimçün şərəfdir. Gərək hardan təklif olsa, fikirləşəm.
– Avrokuboklara vəsiqə qazanan klublarımız bəlli olsa da, rəqiblər müəyyənləşməyib. Əgər münasib rəqiblər düşərsə, komandalarımızın şanslarını necə dəyərləndirirsiniz?
– Əgər indiki yanaşma olsa, Avropada çətinliklər yaşayacaqlar. Çempionatın son turlarında hamı yarı güclə oynayırdı. Gərək işə ciddi yanaşsınlar və toparlansınlar. Yoxsa çətin olacaq.