“Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov Avropa Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək “Qarabağ” – “Braqa” oyunu barədə danışıb.
İdmanxeber.az saytına açıqlama verən təcrübəli mütəxəssis Portuqaliya klubunun ikinci oyunda daha aqrsessiv olacağını bildirib:
“Qarabağ” Bakıdakı oyunda daha diqqətli olmalıdır. Cavab matçı səfərdəki görüşdən də çətin keçəcək. Çünki rəqibin son şansıdır. “Qarabağ”a qarşı pressinq tətbiq edəcək. Bu zaman topu itirməmək və dəqiq olmaq vacibdi. “Braqa”nın aqressiv şəkildə irəliyə atılacağını düşünürəm. Rəqib ilk oyunla müqayisədə daha kompakt oynayıb, boş
zona verməməyə çalışacaq”.
U-18 millimizin baş məşqçisi daha sonra belə davam edib:
“İlk oyunda “Qarabağ” müdafiədə, hücumda və keçidlərdə çox möhtəşəm oynadı. Müdafiə yalnız “4-lü” deyil, bütün komanda anlayışıdır. Bunu da “Qarabağ” yüksək səviyyədə bacardı.
Komandanın yeni transferə ehtiyacı olub-olmamasına gəlincə, səviyyəli klublar həmişə bu istiqamətdə işlərini davam etdirir. “Qarabağ”da da həmçinin transfer məsələsini yüksək səviyyədə həyata keçirilir”.
Həsən Quluzadə