Bir neçə dəqiqə əvvəl Sabayel Rayon Məhkəməsində “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov həbs olunub.
İdmanxeber.com-un məlumatına görə, futbolçunun vəkili Adəm Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Sabayel Rayon Prokurorluğunun C.Hüseynov barəsində təqdimata baxılıb. C.Hüseynov Cinayət Məcəlləsinin 307.1, 307.2 – cinayəti bilib gizlətmə maddəsi ilə ittiham elan olunub. Futbolçu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Adəm Məmmədov məhkəmənin bu qərarından appelyasiya şikayəti verəcəklərini bildirir.
Qeyd edək ki, jurnalist Rasim Əliyev C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov və daha 6 nəfər tərəfindən vəhşicəsinə döyülüb. 4 qabırğası sındırılan, qulağı zədələnən jurnalist 1 saylı Kliniki Tibii Mərkəzə aparılıb və orada dünyasını dəyişib. Olaydan sonra E.İsmayılov həbs olunub. O da peşəkar idmançıdır, AZAL komandasının əvəzedici heyətində müdafiəçi mövqeyində oynayıb. E.İsmayılovun 21 yaşı var. O, 1994-cü il iyun ayının 21-də anadan olub. Onunla bərəbər jurnalistin döyülməsində iştirak edən şəxslərin də saxlanılması haqda məlumat var.