29 Dekabr 2024
Ölkə futbolu

“Bu qolları vurduqdan sonra özgüvənim artacaq” – “Səbail”in yeni transferi

“Bizim üçün yaxşı oyun oldu. Xüsusən ikinci hissədə gözəl futbol sərgilədik, həm hücumda, həm də müdafiə xəttində. Oyunun gedişatını istədiyimiz məcraya dəyişə bildik. Həm mənim üçün, həm də komandam üçün yaxşı oyun oldu”.

Bu sözləri İdmanxeber.az saytına “Səbail”in yeni transferi Süleyman Alluş “Kəpəz” oyunu (4:1) barədə danışarkən deyib. O, görüşdə dubl etməsinə də toxunub:

“2 qol vurmağım mənim üçün çox xoş oldu. Komandama faydalı olduğum üçün sevincliyəm. Bu qolları vurduqdan sonra özgüvənim daha da artacaq. Çünki özümü “Səbail”də çox yaxşı hiss edirəm. Bir qədər adaptasiyaya vaxt lazım idi. Çox sağ olsun komanda yoldaşlarım ki, bu baxımdan mənə kömək oldular”.

Alluş Azərbaycan gəlməmişdən öncə “dənizçilər”in futbolçusu Anas Najahla məsləhətləşdiyini də vurğulayıb:

“Bura gəlməmişdən qabaq komanda yoldaşım, həmyerlim Anas Najahla danışdım. O, mənə bütün lazımi məlumatları verdi. İstər “Səbail”, istərsə də Azərbaycan futbolu haqda kifayət qədər müsbət fikirlər səsləndirdi. Burada olmaqdan, “Səbail”in formasını geyməkdən çox məmnunam”.

22 yaşlı yarımmüdafiəçi Premyer Liqanın səviyyəsindən və gələcək hədəflərindən də söz açıb:

“Fikirləşirəm ki, qələbələrin sayını artırmalıyıq. Futbol oynamaq istəyirsənsə, ilk növbədə aqressiv olmalısan. Eləcə də oyun planını başa düşməlisən. İstər hücumda, istərsə də müdafiədə necə çıxış etmək lazım gəldiyini bilməlisən.

Çempionatın ən yaxşı futbolçularından biri olmaq istəyirəm. Bilirəm, bunu eləmək çətindir. Amma mən qarşıma qoyduğum hədəfə çatmaq üçün əlimdən gələni edəcəm. “Səbail”in uğurlarında pay sahibi olmaq istəyirəm”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43