27 Dekabr 2024
Kateqoriyasız

“Çalışacağıq ki, “Kəpəz” həmişə layiq olduğu yerlərdə olsun”

“Kəpəz”in yeni transferi Tural Rzayev açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan futbolçu doğma komandasına dönüşünü dəyərləndirib:

“Kəpəz”ə qayıtmağım mənim üçün çox xoş oldu. Açığı, Premyer Liqa klublarından heç bir təklifim yox idi. Ölkə xaricindən bir-iki komanda ilə danışıq olmuşdu, amma alınmadı.

Qayıdışımı həm rəhbərlik, həm də mən istədim. Şükür olsun ki, keçidim alındı. Hər şey qaydasındadır. Yenidən “Kəpəz”in formasını geyinəcəyim üçün sevincliyəm”.

Yarımmüdafəçi komandanın hədəflərindən də danışıb:

“Bu mövsüm hədəflərimiz böyükdür. Yaxşı transferlərimiz var. Güclü futbolçular kollektivə cəlb olunub. Bundan da görünür ki, hədəflər yüksəkdir. Məqsəd çempionluqdur, mən belə görürəm. Çünki komandaya baxanda belə görünür. Çalışacağıq ki, “Kəpəz” həmişə layiq olduğu yerlərdə olsun. Bunun üçün də əlimizdən gələni edəcəyik. Futbolda üç cür nəticə var. Xal da itirə bilərik, amma asan, mübarizəsiz təslim olmayacağıq. Hədəfimizə nail olmaq üçün bütün oyunlara final görüşü kimi çıxacağıq. Gəncə futboluna, bu şəhərə, kluba yalnız yüksək yerlər yaraşır”.

Transferinin rəsmiləşməsi ilə toplanışın ilk günlərindən komandaya qoşulan Rzayev məşq proseslərdən razılıq edib. O, yaxşı hazırlaşmaq üçün uyğun şəraitin yaradıldığını bildirib:

“Hər şey yolunda davam edir. Rəhbərliyin diqqəti var. Plan üzrə çalışırıq. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetiririk. Uşaqlar həvəslə işləyirlər. Ağır məşqlər, yükləmələr olur. Müəyyən qədər yorğunluq ola bilər, amma heç kim əzmini itirmir. Komandada yüksək əhval-ruhiyyə var, mehriban kollektiv formalaşıb”.

Tural uzun müddət zədədən əziyyət çəkib, futbolsuz qalıb. Bununla belə o, tezliklə əvvəlki formasına qayıdacağını düşünür:

“Bir il məşqsiz, oyunsuz qaldım. Futbolda ən ağır zədələrdən biri ilə rastlaşmışdım. Diz bağlarım qopmuşdu. Bu müddətdə pandemiyaya görə əməliyyat üçün ölkə xaricinə gedə bilmədim. Ölkəyə giriş-çıxış yox idi. Bu səbəbdən 6-7 ay vaxt itirdim, əməliyyat gecikdi. Yalnız yollar açılandan sonra ölkəni tərk edə bildim. Altı ay müddətində bərpa olundum. İndi hər şey yaxşıdı, fiziki formam da yerindədir. Çatışmayan şey oyun təcrübəsidir. O da məlum məsələdir. Mənə hazırda oynamaq lazımdır. Nə qədər çox oynamaq şansı əldə etsəm, xeyrimə olacaq. Onda pik formamı daha tez bərpa edə bilərəm. Yoxlama görüşlərində çıxışım gözlədiyimdən də yaxşı alındı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43