Milli komanda

Canni De Byazi: “Günahkar da, ən çox narahat olan da mənəm”

Millətlər Liqasının I turunda keçirilmiş Azərbaycan – Lüksemburq oyunundan (1:2) sonra keçirilən mətbuat konfransında yığmanın baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə məğlubiyyəti şərh etdi…

– Oyuna yaxşı başlaya bilmədik. Topa sahib olmada problemlər yaşadıq. Psixoloji problemlər görünürdü. Özümüzə gəldikdə isə qırmızı vərəqə ilə meydanda azlıqda qaldı. Matçın böyük hissəsini 10 nəfərlə keçirdik. Onu nəzərə almaq lazımdı ki, mövsümün əvvəlidi və futbolçuların fiziki hazırlığı ən yüksək səviyyədə deyil. İki banal qol vuraxdıq. Avtoqol, sonra penalti oldu. Sonlara doğru isə isə futbolçuların yorğunluğu hiss olunurdu. Lüksemburq güclü komandadı. Uzun müddəti bir yerdə çıxış edirlər, hazır mexanizmləri var, futbolçuların çoxu ölkə xaricində çıxış edir. Bizim üçün vacib test idi. 12 məşqlə yekun qərar verməyin mümkün olduğunu düşünmürəm. Bütün futbollularımızı təşəkkür edirəm. 26-cı dəqiqədən 10 nəfərlə oynamaq çətindi. Çalışdıq, hətta qol da vurduq. Bu çox pozitiv məqamdı. Çalışmalıyıq, həm fiziki, həm taktiki cəhətdən inkişaf etməliyik.

– Qırmızı vərəqə, avtoqol, penalti – bir komandanın başına gələ biləcək ən bədbəxt hadisələri yaşadıq. Oyun da istənilən kimi alınmırdı. Bunların fonunda hansısa pozitiv məqam gördüzmü?
– Oyunçularım hadisələrə tez reaksiya verdilər. Ən neqativ hadisələr baş verdi. Ancaq 10 nəfərlə qol vura bildik. İkinci hissədə daha inamlı olacağımıza inanırdım. Ancaq avtoqol və penalti vəziyyəti daha da qəlizləşdirdi.

– Düşünmürsüz ki, Azərbaycanda Millətlər Liqasına çox önəm verilir? Olmazmı ki, turnirə dünya çempionatının seçmə mərhələsinə hazırlıq kimi yanaşaq?
– Biz hər bir turnirdən mükaimum istifadə etməliyik ki, daha da güclü olaq, komanda şəklində inkişaf edək. Komandada böyük istək gördüm. Güclü, hazır rəqibə qarşı oynayırdıq. Matçın startında çətinliklərimiz oldu, geriyə ötürmələr çox idi – mən futbolçularımdan bunu istəməmişdim.

– Azərbaycanda yenisiz və komandanı tam tanımamağınız mümkündü. Ancaq əvəzetmələrdən heç nə anlaşılmadı: hazır Ramil Şeydayevin əvəzlənməsi, uzun müddəti oynamayan Araz Abdullayevin meydana çıxması, milli təcrübəsi olmayan Adil Nağıyevi belə məqamda oyuna qoşmağınızı necə izah edə bilərsiz?
– Komandanı yaxşı tanıyıram. Ola bilər ki, fərdi baxımdan xarakterləri yaxşı bilməyim. Ramil meydanda hər şeyi vermişdi və davam edə bilmirdi. Arazı meydana buraxmağımızın səbəbi fiziki cəhətdən yaxşı olması idi. Bizə meydanın mərkəzində qaçan futbolçu lazım idi. Rəqib iki hücumçuya keçdikdən sonra müdafiədə say artırmaq üçün Adili meydana buraxdıq. Hamı səhv edə bilər. Bunu normal qəbul etmək lazımdı.

– Bu gün meydanda voleybol var idi, döyüş var idi, ancaq futbol adına heç nə görmədik. Komanda zəif oynayanda adətən ya AFFA rəhbərliyini, ya da baş məşqini günahlandırırlar, ancaq futbolçuların adını çəkən olmur…
– Səhv həmişə baş məşqçinindi. Artıq günahkar var, narahat olmayın.

– Qeyd etdiz ki, ilk 10 dəqiqədə komanda zəif oynadı. Fasilədən sonrakı ilk dəqiqələrdə də oxşar vəziyyət yarandı. Buna bir çarə tapmaq mümkün deyildimi?
– Bəli, hər iki hissəyə çətinliklə başladıq. Bilirdik ki, rəqibin sürətli, texnikası yüksək futbolçulaır var. Mərkəzi bağlayıb rəqibi cinahlara çəkilməyə məcbur etmək istəyirdik. Ancaq 10 nəfərlə çox çətindi. Futbolçularımdan yaxşı əks-hücumlar istəyirdim. Təmkin və Namiqdə bəzən alınırdı. Sonlara doğru 3 mərkəz müdafiəçisi ilə daha rahat oynayacağımızı düşünürdük. Ancaq penalti oldu, son dəqiqələrdə isə rəqib topu dirəyə vurdu.

– Komandanın vəziyyətini gördüz, mübarizə, futbol, milli ruh yox idi. Bunun sonu fiasko olacaq?
– Komandanın oyunundan razı qaldım. Bütün futbolçular bütün bacardıqlarını etdilər. Uzun fasilədən sonra futbolçular fiziki olaraq tam hazır deyillər. Bu da öz təsirini göstərirdi. Standart vəziyyətlərdə səhvlərimiz olmadı. Rəqibin pressinqinə görə uzun ötürmələr etməli olurduq, bu da işimizi çətinləşdirirdi, topun saxlaya bilmirdik. Əgər beynəlxalq səviyyədə yaxşı nəticə göstərmək istəyiriksə, işləməli və inkişaf etməliyik.

– İlk oyundan sonra nə fikirdəsiz, yığmanın potenaislı qrupda neçənci olmağa imkan verir?
– Nəsə demək çətindi. Nəzərə alaq ki, qeyri-adi situasiyadayıq. Azərbaycan çempionatını izləmişəm, avrokubokları da. Bizdə yaxşı futbolçular var. Optimist olmalıyıq. Məqsədlərimizə çatmaq istəyiriksə, ilk növbədə futbolçuları buna inandırmalıyıq. Komanda uduzanda ilk günahkar da, hamıdan çox narahat olan da mənəm.

– Rəqib baş məşqçi bildirdi ki, Azərbaycan yığması əvvəllər ispan stilində futbol göstərirdi, bu gün isə tam nəsə demək çətindi. Sizin üçün ayıb bir məqam varmı burda?
– Hamının öz fikri var. Mən heç vaxt, heç kim barədə danışmıram, ancaq öz komandam haqda düşünürəm. Görünür ki, o, çox sevincli olub və belə deyib.

– Bir neçə dəfə fiziki çatışmazlıq haqda qeydiniz oldu. Düşünümürsüz ki, ölkədə ötən mövsümün davam etdirilməməsi milliyə ziyan olub?
– Əlbəttə, bunun da milliyə təsiri olub. Futbolun dayanmasının hamıya təsiri olub. Digər yığmaların baş məşqçiləri də bu qeyri-adi situasiya barədə eyni fikirdədi. Ümid edirəm ki, tezliklə vəziyyət düzələcək.

– Demişdiz ki, Lüksemburqla oyuna Çempionlar Liqadının finalı kimi hazırlaşacaqsız. Belə bir oyunun əvvəlində heç bir səbbə olmadan rəqib futbolçuya zərbə enditən futbolçuya gələcəkdə nə dərəcədə güvənə bilərsiz?
– Fikrimcə, Emreli yaxşı futbolçudu, oyun keyfiyyətləri yüksəkdi. Böyük səhv etdi, bunu hamımız anlayırıq. Orda nə baş verdiyini dəqiq bilmirəm. O, həmin epizodda rəqibdən çox özümüzə zərbə endirdi.

– Himn səslənən zaman “Azərbaycan, Azərbaycan” söyləmisiz. Himni öyrənəcəksiz?
– Çalışacam ki, himni tam öyrənim. Hələlik yalnız son hissəsini bilirdim. Bunu Albaniyada etmişəm. Sözləri artıq özüm üçün tərcümə etmişəm. Himn çox xoşuma gəlir, həm özü həm sözləri. Sizlərdən biri olmaq mənim üçün çox vacibdi. Diliniz çox çətindi. Alban dili də çətin olsa da, öyrənmişdim.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43