21 Dekabr 2024
Kateqoriyasız

Cavid Hüseynovun qohumlarının döydüyü jurnalisti əməliyyat edən həkim danışdı

1 saylı şəhər Klinik Xəstəxanasının həkimi, jurnalist Rasim Əliyevin əməliyyatını həyata keçirən professor Saday Əliyev hadisə ilə bağlı haqqında səsləndirən ittihamlara münasibət bildirib.

İdmanxeber.com Lent.az saytına istinadən xəbər verir ki, professor bildirib ki, jurnalist  Rasim Əliyevin nə xəstəxanaya qəbulundan, nə onun müayinəsindən və nəzarət olunmasından onun xəbəri olub.

Həkim bildirib ki, bu proseslərdə iştirak etməyib. Professor deyib ki, mərhum jurnalistin valideynlərini tanımır, görməyib: “Mənə yalnız məsul cərrah xəstəni təcili əməliyyat etməyi həvalə etdi və xəstəni mən yalnız əməliyyat stolunda görmüşəm”.

S. Əliyev qeyd edib ki, jurnalist Rasim Əliyevin vəziyyəti həddindən artıq ağır olub: “Əməliyyat zamanı aydın oldu ki, xəstə bədənin hər tərəfini əhatə edən çoxsaylı, ağır travma alıb. Nəticədə xəstənin daxili orqanlarının əksəriyyəti parçalanıb, cırılıb, funksiyasını itirib. Travmanın xarakteri, daxili orqanların vəziyyəti və əməliyyat barədə mən məlumat vermişəm. Qeyd etməliyəm ki, alınmış bədən xəsarəti ağır kateqoriyaya aiddir (döş qəfəsinin və qarın nahiyəsinin müştərək travması, qabırğalarının çoxsaylı sınıqları, ağ ciyərin əzilməsi, dalağın partlaması, mədəaltı vəzinin cırılması). Əməliyyatın həcmi travmanın xarakterinə uyğun olub. Lakin çox təəssüf ki, xəstəni xilas etmək mümkün olmadı. Xəstənin ölümü hər bir cərrah üçün dərin psixoloji şok, mənəvi travmadı. Allah ona rəhmət eləsin”.

Professor deyib ki, məsələ ilə bağlı istintaq orqanlarına hərtərəfli ifadə verib. Jurnalistin ölümünə görə onun da təqsirli bilinərək haqqında cinayət açılması ehtimalı ilə bağlı isə S. Əliyev deyib ki, bu barədə istintaq orqanlarından ona heç bir xəbərdarlıq edilməyib və belə bir ehtimal yoxdu: “Mərhumun ölümündən sonra keçirilən ekspertizanın rəyi də bizim diaqnozumuzla üst-üstə düşdü və müayinəmizin doğruluğu təsdiqləndi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43