“CBC Sport” telekanalının baş direktoru İlham Rüstəmov “Report”a müsahibə verib.
– Sizinlə hələ Bakıya gəlməmişdən qiyabi tanışlığımız var idi. AFFA-nın baş katibi Elxan Məmmədov sizin “Naş futbol” telekanalında çalışdığınızı və Azərbaycana dəvət olunduğunuzu demişdi. İstərdik əvvəlcə bu görüşün tarixçəsi və yeni təyinatınız barədə daha geniş məlumat verəsiniz…
– İlk dəfə 2014-cü ildə Elxan müəllimlə görüşüb-danışdıq, fikir mübadiləsi apardıq. Necə faydalı ola, burada nələr edə biləcəyimi açıqladım. Onun da öz ideyaları var idi. Amma həmin vaxt bunları həyata keçirməyə yer yox idi. Sonradan bəlkə 100-200 dəfə telefonla danışdıq, görüşdük, müzakirələr apardıq. Sonradan “Bakı 2015” I Avropa Oyunları başladığından, prosesdə fasilə yarandı. Oyunlar yekunlaşdıqdan sonra Elxan müəllim zəng edərək, “Ölkəmizə kömək etmək istəyirsən?” deyə soruşdu və “Mənə lazımdır ki, elə indicə təyyarəyə minəsən, gələsən Bakıya” söylədi. Həmin vaxt evdə idim. Evdən çıxdım, bileti aldım və gəldim.
– Bakıya gələnədək hansı vəzifədə çalışırdınız?
– “Naş futbol”da direktor müavini idim. Qısa müddət direktor da oldum. Amma əsasən prodüser və direktor müavini kimi çalışmışam. Direktorun işi hər yerdə olduğu kimi, rəhbərlik etmək idi. Amma əsas işləri mən görürdüm. Daha öncə isə Rusiya Premyer Liqasında marketinq direktoru olmuşam.
– Bəs Rusiyaya nə zaman köçmüsünüz?
– Özüm Sumqayıtda doğulmuşam, 14 yaşımda Bakıya köçmüşük. 2000-ci ildə isə Moskvaya yollandım. Valideynlərim ilk illərdə Bakıda qalırdılar, amma sonradan qardaşım və onlar da mənim yanıma gəldilər. Anam ilin 11 ayı qış olan Moskvada yaşaya bilmir, o da mənimlə birgə Bakıya gəldi. Atam da tezliklə qayıdacaq.
– Çalışdığınız telekanalda azərbaycanlı şərhçi Elvin Kərimovla tanış idiniz?
– Açığı, tanış deyildik. Şərhçilərlə təmasımız olmurdu. Çünki biz fundamental işlərə baxırdıq. Şərhçiliklə bağlı hansısa “çp” olanda bizə məlumat gəlirdi. Biz ideyalar, layihələr irəli sürürdük. Açığı, onun azərbaycanlı olduğunu bilmirdim. Burda bilmişəm. Necə izah edim? Restoranda aşpaz yeməyi hazırlayır, ofisiant isə gətirib stolun üstünə qoyur. Elə bilin, şərhçilər ofisiant idilər. Biz isə “aşpaz” kimi hansı yeməyin dadlı olduğunu fikirləşirdik, sonra da prodakşn şirkəti ilə həmin “yeməy”i hazırlayırdıq. “Ofisiantlar” isə aparıb stolun üstünə qoyurdular. Ona görə də hamı jurnalistləri tanıyırdı. Amma həmin məhsulu kimin hazırladığını bilən yox idi.
– Niyə məhz Azərbaycanda çalışmağa qərar verdiniz?
– Beynimdə müəyyən fikirlər, ideyalar var idi. Onları məhz öz Vətənimdə reallaşdırmaq istəyirdim. Yaxşı oldu ki, Elxan müəllim bu ideyalarımı gördü, tanış oldu. Açığı, mən azərbaycanca danışmağa başlayanda çaşıb qaldı. Hamı elə bilirdi ki, rusam. Zahirən də rusa bənzəyirəm, özümü isə İlya deyə çağırırlar. Əvvəlcə bəzi məsələlərə dair məsləhətlər alırdılar. Sonra isə oturub-danışdıq. Əvvəlcə Azərbaycan Premyer Liqasını çəkməyə kömək istədi. Mən də texniki avadanlıqlarla məşğul olan şirkətlərin rəhbərlərini yaxşı tanıyıram. Onlara zəng etdim, həmin avadanlıqların Azərbaycana aşağı qiymətlərlə gətirilməsini təmin etdik. Sonra isə baş katib telekanal yaratmağımı istədi. Mən də razılıq verdim.
– Artıq bir aydan çoxdur Azərbaycandasınız. İdman mediası sahəsində real vəziyyətə yaxından bələdsiniz. Sizcə, ölkə üçün bir idman telekanalı yetərli deyil? “CBC Sport” hansı zərurətdən doğdu?
– Telekanalın yaradılmasında məqsəd olmalıdır. Hamı idmana aid nə isə göstərir. Amma gərək Azərbaycan telekanalı Azərbaycana aid də nə isə göstərsin. Yayım hüquqlarını paket şəklində alıb nümayiş etdirirlər. Bəs Azərbaycanın özü niyə göstərilmir? “NTV Plyus”un fərqi ondadır ki, işini peşəkarcasına yerinə yetirir. Biz isə ilk növbədə “CBC Sport”un Azərbaycan kanalı olmasını istəyirik. Xaricdə baş verən idman yarışları ilə yanaşı, Azərbaycan daxilindəki yarışların da göstərilməsini istəyirik. Hansı ki, bu, hazırda yoxdur. Mənə elə gəlir ki, vətənpərvərliyi idman vasitəsilə yüksəltmək daha asandır. Bizim idman sahəsində çox yaxşı, hətta fantastik nailiyyətlərimiz var. Güclü idmançılara malikik. Amma gəlin baxaq, bu idmançılar hardadırlar, nə işlə məşğuldurlar? Onları biz çempionatdan-çempionata, olimpiadadan-olimpiadaya görürük. Başqa vaxtlarda hardadırlar? Nəyə görə efirdə deyillər? Nəyə görə hər gün əl üstə gəzdirilmirlər? İdmançı olimpiya çempionu olur və sonra da yoxa çıxır. Demək olar ki, heç kim onu xatırlamır. İdman telekanalı belə insanları göstərməli, təbliğ etməlidir. Axı bunlar hazır ulduzlardır? Amma bizim telekanalları açırsan, oxuyur, rəqs edir, meyxana deyirlər. Məgər bundan başqa bir şey yoxdur? Bu yaxınlarda Türkiyənin “Saran Group” şirkətinin nümayəndələri ilə danışıram. Mənə yağlı güləşdən kadrlar göstərirlər. Elə çəkiblər ki, sanki Hollivud kinosuna baxırsan. Bizdə də güləşçilər var da… Elə bir telekanal olmalıdır ki, bazarda irəliləyişə səbəb olsun.
– “CBC Sport” bu irəliləyişə nail ola bilib?
– Sizə bir faktı deyim: Biz Azərbaycan Premyer Liqasını UEFA ssenarisi ilə çəkirik: Komandaların gəlişi, stadiona daxil olmaları, məşq, oyun və oyunsonrası fikirlər. Belə çəkilişdən sonra digər telekanalın da bizim kimi hərəkət etməyə başladığını gördük. Mənim informasiya texnologiyaları üzrə diplomlarım var. Hələ Bakıda yaşadığım vaxt bir tanışım dedi ki, qardaşına da kompüteri öyrədim. Sonra da “Onsuz da səndən çox bilən deyil. Amma onu öyrətməklə böyük köməyin dəyəcək” deyə əlavə etdi. Biz də eyni qayda ilə xaricdən mütəxəssislər cəlb edirik. Heç bir əcnəbini daimi işçi kim götürmürük. Bizim əməkdaşları bütün istiqamətlərdə öyrətmək üçün gətiririk. Bir epizodu danışım: Aparıcı kimi çox gözəl qız seçmişdik. Onu qrimləyəndən sonra meymuna oxşadı. Hərçənd qrim ustasını Bakıda ən yaxşılardan biri kimi təqdim etmişdilər. Mən qrim ustasını qovmadım, Moskvaya “Vogue” jurnalının redaktor müavininə zəng etdim. O qız bakılıdır. Tezliklə Bakıya gələcək və bizimkilərə qrimləmə qaydasını öyrədəcək. Yaxud studiyada işıq sisteminin qoşulmasını deyim. Görürdüm ki, düzgün qoşmayıblar. Moskvaya zəng etdim. O da bakılıdır. Gələcək bura, işıqları necə qoşmağı öyrədib qayıdacaq.
– Bəs işinizin yaradıcı tərəfini necə qurmusunuz?
– Proqramlarımızın 90 faizi hazırdır. Bunları neçə ildir yazmışam. Bəziləri efirə gedib, bəziləri yox. Bunlardan bir neçəsini Azərbaycanda həyata keçirməyə başlayırıq. Öz ideyalarımızdır, orijinaldır, köçürülmə deyil. Məsələn, “Təkbətək” verilişlərindən birini artıq çəkmişik. Burada hansısa dahi insanla söhbət edirik. Amma söhbəti onun ağır anları üzərində qururuq. Düzdür, insan üçün bu barədə danışmaq çox çətindir. Amma belə bir layihənin gerçəkləşməsi tamaşaçıların yüksək qiyməti ilə qarşılanır. Biz mübarizə aparmağın zəruriliyini təsdiqləyən ağır anlardan danışacağq. Çəkiliş isə sənədli film kimi olacaq. Bizdə məhz sənədli filmlər çəkən şöbə olacaq. Yaxud vətənpərvərlikdən bəhs edən “Mənim arzum” verilişi olacaq. İnsanlara daxilən nüfuz edən sosialyönümlü verilişlərə ehtiyac var. “Yığışaq, oynayaq, dağılışaq”, “Aclıq olsun, kef olsun” prinsipləri telekanalları da əhatə edib. Bu, şəxsi fikrimdir. Verilişlərimiz HD formatında da yayımlanacaq. Bu, televizorun imkanlarından asılı olacaq. Məsuliyyəti öz üzərimizə götürməklə bərabər, yüksək texnologiyalara inteqrasiya edəcəyik. Bir müddət öncə öz proqramımı hazırlayıb xaricə satmışam. Nəhəng əcnəbi şirkətlər üçün proqram hazırlamışam. Biz bunu burada da tətbiq edə bilərik. Oktyabrın 1-dən “CBC Sport” yayıma başlayır. Baxaq görək nə olur? (gülür – red.)
– Həmin gün efirə nə vaxt başlayacaqsınız?
– Yəqin ki, saat 20:00-da. Başlama saatını maksimum dərəcədə tez etmişik. Məndən olsaydı, oktyabrın ilk gününün ilk dəqiqəsindən başlayardıq. Amma bu çətindir. Tələsik işə öyrəşməmişəm. Doğrudan da gülməli alınır. Təsəvvür edin ki, qızı almısan, çağırıb deyirlər ki, 7 aydan sonra uşağın olsun. Özü də qonşuların uşaqlarından qəşəng doğulsun. Bizdə də belədir. Xəbərlər proqramı ilə başlayacağıq. Hər şey hazır olsaydı, verilişlər də təqdim edərdik. Amma bizdə studiyalar hazır deyil. Sizin gördükləriniz isə studiya deyil. Bəzi studiyalar var ki, yağış yağanda tavanından səs içəri gəlir. Halbuki o tavana ucuz qiymətə başa gələn süni qazon vurmaq kifayətdir. Həmin qazon yağışın səsini kəsir. Ona görə də biz hər şeyi sıfırdan edirik. Gündə 3 dəfə gedib tikinti işləri ilə tanış oluram. Hazırda sutka boyunca 3 növbəli iş gedir. Çox çətindir. Faktiki olaraq, 2-3 həftəyə yeni studiya tikmişik. Digər tərəfdən, vəsaitə qənaət etməliyik. Pul olmalıdır. Qarşımıza qoyulan vəzifə, prinsipcə, yerinə yetirilməyən deyil. Əcnəbilər gəliblər ki, nəyə qadir olduqlarını göstərsinlər. Bilirlər ki, biz bunu edəcəyik. Əks halda, işlərini atıb bura gəlməzdilər. ABŞ, Kanadadan olan tərəfdaşlarımız bizim üçün qrafik işləri görürlər. Onlar da layihəni demək olar ki, təqdim ediblər. Çox gözəl qrafik işlər alınıb.
– Amma CBC Sport-un loqosu hansısa məşhur telekanalın loqosunu xatırlatdı?
– Bəli. Elə alındı ki, efirə təcili çıxmalı idik. Özüm elə etdim ki, ABŞ telekanalına oxşasın. Çünki televiziya və marketinq sahələrində ən güclülər amerikalılardır, onlardan öyrənmək lazımdır. Amma yeni versiya artıq “Fox Sport”a oxşamır.
– Nə vaxt efirinizi tam zəngin vəziyyətdə görəcəyik?
– 2-3 ay ərzində bütün proqramlar efirə çıxacaq. Bir günə hər şey efirdə olmayacaq. Bunun üçün bizə ən azı yarım il vaxt lazım idi. Telekanalımıza lisenziya almağa gedəndə “Asan Radio”nun nümayəndəsi ilə birgə idik. Ondan soruşdum ki, nə vaxt yayıma başlayırsınız? “Dekabrda” dedilər. Bizim telekanalın oktyabrın 1-dən efirə çıxacağını öyrəndikdən sonra təəccübləndilər. Təsəvvür edin, onlar radio, biz isə televiziyayıq. Amma bizim üçün qoyulan müddət onlardan qısadır. “Asan Radio” üçün müddət tamamilə düz qoyulub. Avadanlıqları demirəm, işçiləri yığmaq üçün vaxt lazımdır. Hələlik “Xəbərlər”dən əlavə, qısamüddətli verilişlərimiz olacaq. Premyer Liqada hər bir turun təhlilindən bəhs edən proqram efirə çıxacaq. İndidən proqramları açıqlamaq istəmirəm. Xəbərlər studiyamız böyük olacaq. Aparıcının arxasındakı divara mövzuya uyğun görüntülər veriləcək. Bu, təkcə Azərbaycan yox, Avropa səviyyəli studiya olacaq. Hazırda qarşımıza tək Azərbaycanda ən yaxşısını etmək məqsədi qoyulmayıb. Moskvadakı bütün iş-güclərini, bizneslərini, karyeralarını atıb yanıma gəlirlər ki, Azərbaycanda ən yaxşısını etsinlər. Mən kimə nəyi sübut etməliyəm? Özüm-özümə? Dünyada ən yaxşısını etməyə çalışmalıyıq. Arxamda duranlar, məni bura dəvət edənlər “Qarşında yaşıl işıqdır. Nəyi sübut etmək istəyirdinsə, buyur” deyiblər. Bizim çəkilişə baxın (qarşısındakı noutbukdan göstərir – red.). Məgər bu çəkiliş İngiltərə, İspaniya çempionatlarının çəkilişindən çoxmu fərqlənir? Xeyr, elə eyni çəkilişdir. Biz də eyni avadanlıqla çəkirik. Real Avropa səviyyəsidir. O başqa məsələdir ki, tribunalarda azarkeş yoxdur. Bu da tədricən elə yüksək keyfiyyətli çəkilişlərimizin də köməyilə həllini tapacaq. ABŞ-da ilk reklam televiziya və kinoteatrlarda verilib. İnsanları bu yolla kinoya kökləyiblər. Bizdə isə kim televiziyada Azərbaycan futbolu görürsə, ekranı söndürmək istəyir. Onların elə təsəvvürü yaranıb ki, bizdə futbol dəhşətli səviyyədədir. Amma top hər yerdə yumru, insanlar hər yerdə eynidir. Məgər Azərbaycan millisi Xorvatiyaya qarşı pis oynadı? Sağ cinahda çıxış edən Əfran İsmayılov mənim qarşımda idi. Rəqib futbolçuları əməlli-başlı pis vəziyyətə saldı. Bədavi Hüseynov əla müdafiəçidir, onu keçmək mümkün deyildi. Halbuki Xorvatiya millisinin hücum xətti ulduzlardan ibarət idi.
– Oyunların çəkilişləri zamanı hansı yeniliklər tətbiq etmisiniz?
– Stadionlara gedəndə kameraların yerini dəyişməyə başlayıram. Zirə stadionunda əvvəllər görüntülərə stadion tribunası yox, üzbəüzdəki binalar düşürdü. Halbuki binanın üstü kameraları yerləşdirmək üçün əla yerdir. Qoy orda kameranı, tamaşaçıları çək də… Biz “Zirə” – “İnter” matçında belə etdik. Yayım vaxtı bizə zəng edirdilər ki, oyun hansı stadionda gedir. Yayımın Zirə stadionundan getdiyini eşidəndə təəccüblənirdilər. Oxşar hal “Qəbələ” – “Qarabağ” matçından öncə də baş verdi. Qəbələ şəhər stadionunda kameralar üçün taxtadan dayaq düzəldiblər, möhkəm deyil. Əks tərəfdə isə VİP tribunadır və üz-üzə baxanda çox gözəl təbiət mənzərəsi canlanır. Tribunanın üstünə çıxdım. Hamı başladı qışqırmağa ki, düş aşağı, tavan söküləcək, özünü öldürəcəksən. Mən də başladım yerimdə tullanmağa. “Sökülsə, mənim ayaqlarım altında söküləcək. 100 kq çəki ilə tullanıramsa və sökülmürsə, deməli, kamera da burda duracaq. Başladıq çəkməyə və gördüyünüz kimi, çox qəşəng çəkiliş alındı. UEFA-nın təlimatlarında çəkiliş, kamera yerləşdirilmə qaydaları açıq-aşkar göstərilib. Bizədək “Günəşə qarşı çəkmək olmaz” deyə axmaq bir qayda qoyulmuşdu. Biz isə başqa cür çəkməyə başladıq.
– Bir müddət öncə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan futbolunun səviyyəsi normaldır, amma xarici çempionatlarda oyunları sürətli göstərən çəkilişdir” demişdi…
– Doğrudur, tamamilə razıyam. Ümumiyyətlə, Ramin müəllimə böyük hörmətim var. Hər tur öncəsi onun yanına gedirəm. Otururuq bir yerdə, yayımlamaq üçün oyunları seçirik. Mən faktiki olaraq, xariciyəm. Hələ Azərbaycan futbolu ilə bağlı hər şeyi dərindən bilmirəm. Amma Musayevdən yaxşı Premyer Liqanı kim bilər? Özü hər bir kluba zəng edir, deyir ki, “CBC Sport” hər gün bir matç çəkə bilər, imkan varsa, ev oyununun vaxtını dəyişdir. O, bizə görə oyunların vaxtını dəyişdirir. Elə edir ki, hər tur 3 matç çəkə bilək. Halbuki “Yayım hüququnu sizə veriblər, gedin oyununuzu çəkin” də deyə bilərdi. Amma özü maraqlıdır ki, oyunları keyfiyyətli çəkib yayımlayaq. Yaxşı çəkiliş olsa, çempionatın səviyyəsinin də qalxacağını yaxşı bilir. PFL bizə çox kömək edir. Öz əməkdaşlarını verir ki, bizimlə birgə oyunlara getsinlər, yayımla bağlı təşkilati işlərə köməklik göstərsinlər. Gəncə şəhər stadionunda “Kəpəz”lə AZAL arasında keçirilən ötən turun qarşılaşmasında 50 metr uzunluğundakı Azərbaycan bayrağını üzbəüz tribunaya şərhçilərimiz, PFL əməkdaşları və mən daşımışdım. Çünki orada bayraq daha gözəl görünürdü. Bayrağı yenicə yerləşdirmişdik ki, külək başladı. Bu zaman PFL işçiləri ilə birgə kərpiclər daşıyıb bayrağın uclarına bağladıq ki, külək aparmasın. Bunu ona görə edirdik ki, bayrağın məhz orada yerləşməsi bizə çəkilişin gözəl alınması üçün lazım idi. Ona görə kərpic daşıdıq.
– Ötən tur niyə oyunları 3 gün ərzində çəkə bilmədiniz?
– “Qəbələ” və “Qarabağ” Avropa Liqasında sentyabrın 17-də keçirəcəkləri ilk tur oyunları ilə əlaqədar dincəlməli idilər. Onların oyunlarının vaxtını dəyişdirə bilməzdik. Gəncə şəhər stadionu əvvəlcədən planını qurmuşdu ki, oyunları sentyabrın 12-də keçirilsin. Bu, istisna təşkil edən tur idi.
– Oktyabrın 1-dən sutkaboyu və həftənin hər günü efiri fasiləsiz doldurmaq çətin olmayacaq?
– Çox çətin olacaq. Hazırda bunun üzərində fikirləşirik. Yayım hüquqlarına malik şirkətlərlə danışıqlar aparırıq. Onlarla razılığa gəlməliyik. Sentyabrın 20-dək efir torumuzu elan etməliyik. Həmin gün verilişlərimizin siyahısını təqdim edəcəyik. Xarici çempionatlarla yanaşı, ölkədaxili yarışları yayımlamaq üçün də federasiyalarla danışıqlar aparırıq. Artıq Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət və futzal yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki oyunlarını nümayiş etdirmişik. İnanın ki, digər növlər üzrə Azərbaycan çempionatlarına da keyfiyyətli yayımla maraq yaratmaq olar. Götürək, karateni. Bu, olimpiya növü deyil, amma dünyada ən maraqla izlənilir. Tamaşaçı marağına gəldikdə, azarkeşlər futbol oyunlarında da yoxdur. Bizim güclü voleybolumuz var. İndidən nələri yayımlayacağımızı elan etmək istəmirik.
– Şərhçi məsələsini necə həll etmək fikrindəsiniz?
– Hazırda 4 şərhçimiz var: Şəmsəddin Abbasov, Rüstəm Əfsərli, Ziya Məcidli və yenicə cəlb etdiyimiz Gündüz Abbaszadə. Daha 4 şərhçini nəzərdən keçiririk. Elə edəcəyik ki, şərhçilərin timsalında hər liqanın öz səsi olacaq. Hazırda alternativ fikir olsun deyə, hər oyunda 2 şərhçinin xidmətindən istifadə edirik. Gələcəkdə hətta bir oyunda 3-4 şərhçinin xidmətindən yararlanacağıq. Şərhçilərdən biri hakim olacaq. Matç vaxtı ondan hansısa mübahisəli qərarla bağlı fikir öyrənəcəklər.