İdman Müsahibə

“Çempionlar Liqasına vəsiqə qazanmaq istəyirik” – millimizin oyunçusu

Futzal üzrə Qazaxıstanın “Atırau” klubunda çıxış edən Rövşən Hüseynlinin idmanxeber.az saytına müsahibəsi

-Dünən “Astana” ilə görüşdə 4:1 hesabı ilə qələbə qazandınız. Qollardan ikisini sən vurdun…

-Oyun bizim üçün çox vacib idi. Çünki pley-offa vəsiqəni əldə etməliydik. Mənim üçün isə xüsusi fərqli oldu. İlk oyunda 2 assitlə qələbəyə pay sahibi olmuşdum. Dünənki görüşdə isə dubl edərək bunu bacardım. Bu, mənim karyeramda ilk idi.

-Qapıçı kimi bu qədər qol vurmaq, assit etmək nə qədər normaldır? Yəqin ki, bunun üçün xüsusi məşqlər edirsən…

-Bu bacarıq məndə futzala yeni başlayan vaxtlardan var. “Neftçi”nin ikinci komandasında oynadığım zamandan tez-tez belə şeylər edirdim. Hətta bəzən 10 metrlik zərbələri də vururdum. Sırf buna görə Əbdülqəni Nurməmmədova təşəkkürümü bildirmək istəyirəm. O, baş məşqçimiz idi. Hər dəfə bunları məndən tələb edirdi. Daha sonra “Araz Naxçıvan”a keçdim. Burada artıq belə şeylər etməyimi istəmədilər, başqa taktika ilə oynayırdıq. Rusiyanın “Torpeda” klubunda oynayanda isə yenidən bunun üzərində çalışmağa başladım. Əslində qapıçı üçün çətin görünə bilər. Ancaq çalışanda hər şey mümkün olur.

-Ümumiyyətlə, Qazaxıstanla Azərbaycan futzalı arasında səviyyəcə çox fərq var?

-Bəli, fərq çox böyükdür. Burada 10 komanda çıxış edir, hamısıdı da demək olar eyni gücdədir. Bir tək “Kayrat”ı fərqləndirmək olar. Yalnız biz onlardan xal almağı bacarmışıq. Geridə qalan 9 klub isə aşağı-yuxarı eyni səviyyədədir. Təsəvvür edin ki, oyunlar ev-səfər şəklində keçirilir. Hər həftə eyni rəqiblə 2 gün ard-arda qarşılaşırsan. Məncə, bütün bunlar aradakı fərqi açıq göstərir.

-Komandanın hədəfi nədir?

-İlk öncə turnir cədvəlində yuxarı pillələrdə qərarlaşmaq istəyirik. Mən bura gələndə 6 oyundan sonra 3 xalla 9-cu pillədə idik. Artıq 47 xalla 5-ci yerdəyik. Qarşıdakı oyunlarda 3-cü sıraya yüksəlmək imkanımız da var. Hədəfimiz finala doğru irəliləmək və Çempionlar Liqasını vəsiqə qazanmaqdır.

– “Atırau”da icarə əsasında çıxış edirsən. Karyeranı yenidən Azərbaycanda davam etdirmək ehtimalın var?

-Açığı, hələlik buradayam. Bu barədə indidən nəsə fikirləşmək doğru olmaz. Müəyyən məsələlər var ki, onlar barədə danışmaq hələ ki tezdir”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43