21 Dekabr 2024
Kateqoriyasız

Çingiz Abdullayev: “Düşmən dəyirmanına su tökürlər, çünki xaindirlər” (MÜSAHİBƏ)

Bir neçə gündür mətbuatda Beynəlxalq Pen-Klubun Azərbaycanda nümayəndəliyi olmadığı barədə məlumatlar dolaşır. Məsələ ilə bağlı Azərbaycan Pen-Klubunun rəhbəri, xalq yazıçısı Çingiz Abdullayevlə əlaqə saxladıq. Onunla qısa müsahibəni təqdim edirik.

– Çingiz müəllim, Azərbaycan Pen-Klubu Beynəlxalq Pen-Klubun nümayəndəsidirmi?

– Pen-Klub Azərbaycan 21 ildir fəaliyyət göstərir. Bizim təşkilat 21 il əvvəl qeydiyyatdan keçib, şəhadətnaməsi var. Axı bunu öyrənməyə nə var? Ədliyyə Nazirliyinə zəng vurub öyrənsinlər. Nazirlik də bizim qeydiyyatdan keçib-keçmədiyimizi deyəcək. Bu qalmaqalı yaradan bizim jurnalistlərdir, milli xainlərdir. Bir dənə sənədə görə Londona zəng ediblər, onlar da Azərbaycana qarşı tədbir görüblər.

– Pen-Klubun internet səhifəsində müxtəlif ölkələrdəki PEN mərkəzlərinin adları qeyd olunub. Azərbaycan PEN-Klubunun adı bu siyahıda yoxdur.

– Var. Siz yalan deyirsiz. Sadəcə biz onlarla Qarabağ məsələsində razı deyilik deyə bizi dəstəkləmirlər.

– Axı Beynəlxalq PEN-klubun nizamnaməsində yazılıb ki, onlar heç bir dini, irqi, milli ayrı-seçkilik eləmirlər.

– Maqsud İbrahimbəyov 20 il bu təşkilatın rəhbəri olub. Bütün başqa mərkəzlərlə biz əlaqə saxlayırıq. Yenə də deyirəm, biz 1994-cü ildə qeydiyyatdan keçmişik.

– Amma Beynəlxalq PEN-Klubun rəsmi saytında Ermənistanın, Gürcüstanın, hətta Çeçenistan PEN-Mərkəzinin adı var… Bizimki isə yoxdur.

– Çünki onlar Qarabağ məsələsində erməniləri dəstəkləyirlər. Buna görə biz də Beynəlxalq PEN-Klubla əlaqə saxlamırıq. Belə şeyləri yazanlar Azərbaycanı sevməyən insanlardır. Azərbaycanın pislənməsinə sevinirlər. Guya mənim yalanımı çıxarıblar deyə sevinirlər. Mənim dediklərim necə yalan ola bilər, axı bu təşkilat var və orda 70 adam işləyir. Qoy zəng vursunlar, Ədliyyə Nazirliyinə, öyrənsinlər. Ay qurban olum, axı biz azərbaycanlıyıq, belə olmaz. Azərbaycan qanunları ilə bu təşkilat qeydiyyatdan keçib.

– Belə çıxır ki, Azərbaycan PEN-Klubunun Beynəlxalq PEN-Kluba və ya PEN İnternational-a aidiyyatı yoxdur, müstəqil təşkilatdır.

– Əlbəttə, aidiyyatı var.

– Bu əlaqəni təsdiq edən sənəd varmı?

– Bizim Ədliyyə Nazirliyindən qeydiyyat şəhadətnaməmiz var. Azərbaycan qeydiyyatsız təşkilat ola bilməz.

– Beynəlxalq PEN-Klub açıqlama verərək bildirib ki, Azərbaycan PEN-Klubu bizim təşkilatımız deyil.

– Bəli, düz deyir. Sadəcə mən bunu deyə bilmirəm, çünki onda bəzi axmaq jurnalistlər yazacaqlar ki, PEN-Klub yoxdur. Mən yenə deyirəm, biz filial ola bilmərik. Ona görə ki, biz müstəqil təşkilatıq və Azərbaycana xidmət edirik. Vəssalam. Bizim bəzi jurnalistlər isə Londona zəng vurub ara qarışdırırlar, düşmən dəyirmanına su tökürlər. Çünki xaindirlər. Azərbaycan PEN-Klubu yoxdursa, bəs iki şairin İrandan azad edilməsində necə iştirak etmişdi?

– Azərbaycan PEN-Klubu bu 21 il ərzində İranda həbs edilmiş şairlərin azad edilməsindən başqa hansı işləri görüb?

– Bizim Rabitə Nazirliyi ilə layihəmiz var idi. Bütün Azərbaycan yazarlarının əsərlərini elektronlaşdırmışıq, elektron kitabxana yaratmışıq. Bundan sonra yazarlar o sayta öz əsərlərini qoyanda pul ala bilərlər. Bu layihə üçün 3 il iş aparmışıq. Yenə deyirəm, kim inanmırsa Ədliyyə Nazirliyinə zəng vurub soruşsun ki, qeydiyyatdan keçmişik, ya yox. Axı nəyə görə öz nazirliyimizə yox, fırıldaqçı ingilisə inanırlar? Bunlar azərbaycanlıdır, ya erməni? Niyə görə bunlar erməniləri dəstəkləyən adama inanırlar, amma Azərbaycanın sənədlərinə inanmırlar? Belə olmaz axı.

kulis.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43