Portuqaliyanın Almada şəhərində keçiriləcək Qran-Pri turnirində iştirak etməli olan Azərbaycan yığmasının heyətində koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Azərbaycan Cüdo Federasiyası bununla bağlı açıqlama yayıb.
Bildirilib ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandaları yanvarım 28-30-da keçiriləcək yarışda iştirak üçün Portuqaliyaya yollanıb. Beynəlxalq Cüdo Federasiyasının (İJF) müəyyən etdiyi protokola uyğun olaraq, səfərdən öncə yığma üzvləri test veriblər. Vaksin edilmiş cüdoçulardan bir, vaksin olunmayanlardan (cəmi 3 nəfər) iki dəfə PCR testi götürülüb. Bununla bağlı sənədlər İJF-in elektron qeydiyyat sistemi ilə təşkilatçılara göndərilib. Bütün müvafiq prosedurlar yerinə yetirildikdən sonra PCR test nəticələri neqativ çıxan heyət üzvləri Portuqaliyaya yola düşüblər.
İJF-in qaydalarına əsasən, iştirakçılar yarışın keçiriləcəyi yerə çatdıqdan sonra daha bir dəfə test veriblər. Azərbaycan yığmasının üzvləri dünən Portuqaliyanın Almada şəhərinə çatdıqdan sonra onlardan bütün digər ölkələrdən olduğu kimi, yenidən PCR testi götürülüb. Bakıda neqativ PCR nəticəsi olan bəzi heyət üzvlərimizdə bu dəfə pozitiv nəticə üzə çıxıb.
Pozitiv PCR nəticəsi olan heyət üzvləri yarışlara buraxılmır və ayrıca otaqlarda karantinə alınıb. Cüdoçularımız da Portuqaliya dövlət qaydalarına əsasən 7 günlük karantindədirlər.
Heyət üzvlərimiz özlərini yaxşı hiss edirlər, sağlamlıqlarında ciddi məsələ yoxdur və daimi həkim nəzarəti altındadırlar. Azərbaycan Cüdo Federasiyası onların müalicəsi üçün bütün lazımi tədbirləri həyata keçirir.
Yığmada testi pozitiv olanların sayı 2 nəfərdən çox olduğundan digərləri yenidən yoxlanılıb. Sabah başlayacaq yarışa qatılacaq idmançılarımız da təkrar testin nəticələrinə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, sabah start götürəcək Qran-Pri yanvarın 30-da başa çatacaq.