16 Fevral 2025
Ölkə futbolu

Derbiyə doğru: “Qarabağ”ı üstün görürəm, amma “Neftçi” də sürpriz edə bilər”

Misli Premyer Liqasının XXIII turunda “Neftçi” doğma meydanda “Qarabağ”ı qəbul edəcək. Son turlarda yüksəlişdə olan “ağ-qaralar”ın Ağdam təmsilçisinə qarşı necə oynayacağı maraqla gözlənilir.

Avrokuboklarla vidalaşan “Qarabağ” isə son turda “Səbail”i fərqli məğlub etməklə özünə gəlib. Görüşdə kimin üstün olacağını və komandaların Azərbaycan derbisindəki şanslarını dəyərləndirməsi üçün Adil Şükürovla əlaqə saxladıq.

Təcrübəli mütəxəssis İdmanxeber.az saytına qarşılaşma barədə bunları dedi:

“Qarabağ” avrokuboklardan kənar qaldığı üçün bütün diqqətini çempionata verəcək. “Turan Tovuz” və “Zirə” məğlubiyyətlərinin komanda üçün dönüş nöqtəsi olduğunu düşünürəm. Hər il “Qarabağ” avrokubok görüşlərinin ardından psixoloji olaraq toparlanması üçün bu cür məğlubiyyətlər alır. Amma komanda “Səbail”lə oyunda göstərdi ki, artıq gələn ilin planlarını qurmağa başlayıb. Qurban Qurbanov və məşqçilər heyyəti komandadan gedəcək futbolçuların yerini doldurmaq üçün çox ciddi axtarışdadır.

“Neftçi”də isə qalibiyyətlərə baxmayaraq hələ də optimal heyyət formalaşmayıb. Düşünmürəm ki, “Qarabağ”la oyun “Neftçi” üçün geri dönüş ola bilər. Düzdü, komanda hələ avrokubok mübarizəsindən tam qopmasa da, stabillik çatmır. “Qarabağ”la oyun derbi sayıldığı üçün “Neftçi”nin adına layiq mübarizə aparacağını düşünürəm. Görüşdə “Qarabağ”ı üstün görürəm, amma “Neftçi” də sürpriz edə bilər”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43