“Ağ Canavar” ləqəbli azərbaycanlı peşəkar kikboksçu Eduard Məmmədov Daxili İşlər Nazirliyində (DİN) vəzifəyə təyin olunub.
İdmanxeber.az xəbər verir ki, idmançı bu barədə şəxsi “feysbuk” hesabında məlumat verib. Məmmədov bu sözləri yazıb:
“Azərbaycan Respublikası Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşam.
Bu etimadı mənə göstərdiklərinə görə Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazova və DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki xanım Zemfira Meftaxetdinovaya öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Mən polis polkovnik-leytenantı Eduard Məmmədov hər zaman olduğu kimi, bundan sonra da millətimə, dövlətimə şərəf və vicdanla xidmət edəcəyəm.
Mən fəxr edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edirəm!”