22 Dekabr 2024
Kateqoriyasız

Elxan Məmmədov: “İnsanlar gecə də futbola baxmaq istəyirlər”

“Anladıq ki, CBC kanalında vaxt məhdudiyyəti var. Ona görə də danışıqlar apardıq. İstərdik gələcəkdə divizionun, əvəzedicilərin, U-19-un və digər çempionatların da oyunları yayımlansın”.

Bunu “Report”a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Tezliklə fəaliyyətə başlayacaq “CBC Sport” telekanalı ilə bağlı danışan E.Məmmədov bildirib ki, AFFA İcraiyyə Komitəsinin bu yaxınlarda keçirilən fövqaladə iclasında sözügedən məsələ müzakirə edilib və əhaliyə açıq bir kanalın yaranması təklif olunub: “Bu, gündəlikdə olan 6-cı məsələ idi. Razılaşdıq ki, yeni idman telekanalının açılmasını hələ açıqlamayaq. Çünki AFFA işə təsisçi kimi daxil olub. CBC çoxsaylı paya sahib olur, federasiya isə texniki məsələləri həll etməyə çalışır”.

Baş katibin sözlərinə görə, Azərbaycan Premyer Liqasının yayım hüququ ilə bağlı elan olunmuş tenderdə futbol verilişləri və uşaq futbolunun çəkilişlərinin olması göstərilib və CBC bununla razılaşıb. E.Məmmədov deyib ki, CBC-nin idman kanalı olmaması yeni layihənin yaranmasına səbəb olub:

“CBC idman kanalı deyil və onların idmana və futbola ayırdığı vaxt məhdud olacaq. Oyunu göstərəcək, bir veriliş veriləcək və bununla da kifayətlənəcəklər. Amma biz həftədə iki-üç verilişin hazırlanmasını, uşaq liqalarının da göstərilməsini istərdik. Kanalı təsis etməyə vaxt tələb olunur. CBC dövlət strukturlarına müraciət etdi və “CBC Sport”a lisenziya verildi. Artıq oktyabrın 1-dən və ya bundan bir neçə gün sonra yayıma başlaya bilərlər. Oyunları yayımlamaq üçün Türkiyədən Çempionlar Liqası, Avropa Liqası çəkilişlərində iştirak edən xüsusi komanda dəvət etmişik və CBC onlarla müqavilə bağlayıb. Hazırda onlar fəaliyyət göstərir və İlham Rüstəmov baş direktor təyin olunub. O, azərbaycanlıdır, Rusiyanın “NTV Sport”, “Naş futbol” telekanallarında rəhbər vəzifələrdə işləyib. CBC-nin efirində çox keyfiyyətli yayım görürük. “CBC Sport” təkcə futbol yox, digər idman növlərini də işıqlandıracaq. İnanırıq ki, uğurlu bir layihə olacaq”.

E.Məmmədov Avropa, dünya futboluna olan marağı nəzərə alaraq, həm “İdman Azərbaycan”, həm də “CBC Sport”un tamaşaçılara idman yarışlarını təqdim etməsini müsbət dəyərləndirib: “Məsələn, Bundesliqa oyunu gedə-gedə eyni vaxtda İngiltərə Premyer Liqasının, Fransa, İtaliya çempionatının oyunları keçirilir. Bir kanal bunu göstərə bilməz. Azərbaycanda da Premyer Liqadan başqa digər liqalara azarkeşlik edənlər var. Rusiya, Türkiyə, İspaniya və s. ölkələrin çempionatları keçirilir. Bunu nəzərə alaraq demək olar ki, bir idman kanalı yetərli deyil. İki kanalın olması idmanın xeyrinədir. Söhbət yalnız futboldan yox, bütün idman növlərindən gedir. Bu gün Azərbaycan futbolunu tərifləsək, deyə bilərik ki, bütün yaş qruplarını əhatə edən və mütəmadi davam edən yeganə idman növüdür. Kubok və liqa yarışları avqustda başlayır və mayadək davam edir. İyulda Avropa Liqası və Çempionlar Liqası başlayır. Yəni, futbol hərəkətliliyi var”.

AFFA rəsmisinin sözlərinə görə, müxtəlif idman yarışlarının tamaşaçılara çatdırılması vacib amildir. O bildirib ki, bu amil tamaşaçılardan əlavə futbolda çalışanların da xeyrinədir: “Bu yaxınlarda bizə müraciət etmişdilər ki, “CBC Sport” Braziliya çempionatını göstərəcək, ya yox?Bu onu göstərir ki, Azərbaycanda Braziliya çempionatına baxanlar var. Bu gün bizdə braziliyalı futbolçular oynayırsa, deməli, seleksiyaçılar, məşqçilər həmin liqalara baxıb futbolçu seçə bilərlər. Ona görə də ikinci idman kanalının olması müsbət haldır. Nəzərə alaq ki, “CBC Sport” sutka ərzində fasiləsiz fəaliyyət göstərəcək. Bu da vacib amildir. İnsanlar hərdən gecə də futbola baxmaq istəyirlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43