FİFA “Neftçi”də çıxış edən Samir Məsimovla bağlı Rusiyanın “Spartak” klubunun şikayətinə baxıb.
İdmanxeber.com-un xəbərinə görə, bununla bağlı Bakı təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Məlumatda deyilir: “26.12.2014-cü il tarixində Rusiyanın “Spartak” klubu “Neftçi” PFK-ya məktub ünvanlayaraq futbolçu Samir Məsimovun Moskva klubunda qeydiyyatda olduğunu əsas gətirərək futbolçunun “Neftçi” PFK ilə ilk peşəkar müqaviləsi olduğu üçün klubumuzdan 42 min 541 avro məbləğində təzminat tələb edib.
19.02.2015-ci il tarixdə Moskva klubu FİFA qarşısında tələb olunan təzminatın “Neftçi” PFK tərəfindən ödənməsi tələbi ilə vəsatət qaldırıb.
Uzun müddət davam edən prosesə “Neftçi” PFK tərəfindən təcrübəli vəkil cəlb olunub və “Spartak” klubunun FİFA-ya ünvanladığı iddianın tərkibində əsassız məqamların yer aldığı aşkarlanıb.
Bu gün FİFA tərəfindən “Neftçi” PFK-ya daxil olmuş məktubda ali futbol qurumunun “Mübahisəli Məsələlərin Həlli” şurası proseslə bağlı “Neftçi” PFK tərəfinin haqlı olduğunu və “Spartak” klubunun iddiasının rədd edildiyini bildirib”.