22 Dekabr 2024
Ölkə futbolu

“Foqts 6 il ərzində millimizdə heç bir dəyişiklik etməyib”

Naxçıvanın “Araz” komandasının baş məşqçisi Əsgər Abdullayev  açıqlamasında yığmanın son yoldaşlıq görüşləri, Berti Foqtsun müqaviləsi və seçmə mərhələnin yekunu barədə danışıb.

– Yığmanın son iki oyununu nə dərəcədə vacib saymaq olar?

– Yığmanın son görüşləri yoldaşlıq xarakteri daşıyır. Bu oyunlar məşqçilər üçün yeni futbolçuları yoxlamaq, rəqabət yaratmaq baxımından vacibdi. Əlbəttə, nəticə də az əhəmiyyətli deyil. Sadəcə, bu görüşlər heyəti sınaqdan keçirmək üçün lazımdı.

– Estoniya ilə oyun haqda nə deyə bilərsiz?

– Estoniyanı şişirtmək lazım deyil. Bu komandayla oynamaq mümkündü. Zəif rəqib deyil. Komandamız hesabı açsa da, sonda məğlub oldu. Matçı görmədiyimdən nəsə deməyə çətinlik çəkirəm.

– Bəzi məşqçilər Qırğızıstanın zəif olduğunu deyir…

– Zəif rəqib olmur. Digər mənada əgər komandamız onlardan güclüdüsə, bunu oyunda göstərməliyik. Hər bir şansı dəyərləndirmək lazımdı. Məşqçi üçün bu görüşlər yeni futbolçuları yoxlamaq üçün lazımdı. Uğurlu nəticə bizə yalnız FİFA reytinqində kömək olacaq. Bu reytinq isə nisbi anlayışdı. Ümumilikdə komandaya heç nə vermir.

– Ümumilikdə yığma üçün seçmə mərhələni necə qiymətləndirirsiz?

– 9 xal qənaətbəxş nəticədi. Amma futbolçularımız dünya və Avropa çempionatına vəsiqə uğrunda oynamır. Fikrimcə, artıq bu hədəflər uğrunda oynamaq lazımdı. Bu şəraitlə daha yaxşı nəticələr əldə etmək olar.

– Sizcə, AFFA Berti Foqtsu saxlamalıdı?

– Bu qərarı AFFA qəbul edəcək. Mən sadəcə fikir bildirə bilərəm. Məşqçini tez-tez dəyişmək yaxşı hal deyil. Amma baxaq görək 6 il ərzində komanda nəyə nail olub? 6 il kifayət qədər böyük zamandı. Bu qədər şans hər məşqçiyə verilmir. Foqts bu zaman ərzində böyük dəyişikliyə nail olmayıb.

– Milli yerli məşqçiyə tapşırılsın, yoxsa əcnəbi?

– Bu suala cavab verməyim düzgün olmaz. Yığmaya xeyir verəcək məşqçi olsun. Futbolçuların səviyyəsini yüksəltməklə yanaşı, rəqabət yaratmaq vacibdi. Seçmə mərhələnin oyunlarına nəzər salın. Ciddi dəyişiklik hiss olunmur. Nəticəni daha da yaxşılaşdırmaq olardı. 9 xal pis nəticə deyil, amma daha yaxşı ola bilərdi. Gərək Foqts nə etdi sualını özümüz özümüzə verək.

– Siz suala cavab vermədiniz – yerli məşqçi, yoxsa legioner?

– Mən istəyərdim ki millidə yerli məşqçi çalışsın. Ad çəkməyəcəm. Amma öz mütəxəssisimiz komandanı daha yaxşı tanıyır. Almana yaradılan şərait bizimkinə yaradılsa, ən azı bu nəticəni təkrarlamaq mümkündü. Azərbaycanda təcrübəli məşqçilər var. Bu şəraitlə daha böyük uğur qazanmaq olar.

azerisport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43