Avropa Liqasının III təsnifat mərhələsinin “Neftçi” – HİK oyunundan (2:2) sonra təşkil olunan mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.
O, əvvəlcə matç barədə fikirlərini bildirdi…
– Yaxşı və maraqlı oyun keçdi. Hesab nə olur olsun, iki tərəfli oyundu. Mərhələ keçmək üçün bacardıqlarımızı etməliyik. Artıq səfər qolu da ləğv edilib. Rəqib hesab baxımından bizdən üstün deyil. Səfərdə hər şeyə 0-dan başlayacağıq. Xarakterimizi ortaya qoyub, cavab matçına ciddi çalışacağıq. Cavab matçından yaxşı nəticə ilə qayıtmalıyıq. Ümumi yaxşı oyun alındı, ancaq bəzi problemlərimiz yaşandı. Aqil zədələndi, gənc qapıçımız Kamran İbrahimov da meydana çıxdı və qapıda inamlı durdu. Düşünürəm ki, hər şey ikinci oyuna qalıb. Yaxşı və fərqli komandaya qarşı oynayacağıq.
– Aqil Məmmədovun durumu nə yerdədi?
– Onun səhhətində belə problemlər var. İlk dəfə deyil. Mirabdulla Abbasov və Yusuf Lavalın da səhhətində problem var idi. Aqil “Olimpiakos”la oyundan sonra bir neçə gün qızdırmalı oldu, məşq etmədi. Bu gün durumu haqda nəsə demək çətindi. Ümid edirik ki, yaxşı olacaq.
– Emin Mahmudov 70 dəqiqə ortada tək oynadı və sonlarda artıq yeriməyə çətinlik çəkirdi…
– Bəzi dəyişikliklər məcburiyyətdən doğur. Məşqdə gördüklərimiz əsasında belə dəyişikliklər edirik. Öz mövqeyinin oyunçuları tam hazır olmadığından məcburiyyətdən belə addımlar atırıq. Mamadu Kane bəzi çempionat oyunlarında da müdafiənin sağında oynayırdı. Ona görə mərkəzdə Eminə çox yük düşürdü. Buqrin hücuma meyl edirdi. Xəyal da bəzi epizodlarda çətinlik çəkirdi. Emin çox qaçan oyunçudu. Bütün komandaya təşəkkür düşür. Bu günə görə çox iş gördülər.
– Razı və narazı qaldığınız məqamlar hansılar oldu?
– Bütün oyundan razı qaldım. Narazı qaldığım heç nə yox idi. Hər şey yaxşı oldu.
– Hesabda geri düşdüksən sonra komanda pressinq etməyə başladı və göstərdi ki, komanda bunu bacarır. Bərabərlikdən sonra komanda yenə geri çəkildi…
– Sonlara doğru bəzi oyunçularda yorğunluq özünü büruzə verməyə başladı. Geri qayıtmaqda çətinliyimiz olduğundan belə oynamalı idik. Rəqibin ortada yaxşı ötürmələr edən futbolçuları var idi. Buna görə geri çəkilməyə məcbur olduq.
– Sosial şəbəkələrdə Xəyal Nəcəfovu qınayanlar var…
– Sosial şəbəkələrdə belə şeylər olur. Futbolçunu, məşqçini qınayırlar. Hər şeyə reaksiya versək, düzgün olmaz. Hərənin bir fikri var. Kimin oynaması baş məşqçinin səlahiyyətindədi. Xəyala inanırıq. İnşallah, çox iş görəcək. Çempionatı da düşünməliyik. Xəyaldan əlavə məni də qənayanlar çoxdu. Bu, normaldı.
– Oyunun sxemi ilə meydanda görünən fərqli idi. Bu, rəqibi çaşdırmaq üçün idi.
Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev: Sxemi biz hazırlamırıq. UEFA-dan gələn bir şeydi.
– Səfər oyunu süni örtüklü meydançada keçiriləcək…
– Çətin olacaq. Süni prtükdə məşq edib, oynayan komandalar özlərini orda daha ayxşı hiss edir. Biz çempionatda da bu problemləri yaşayırıq. Məsələn, “Səbail” süni örtüyə öyrəşib, özünü yaxşı hiss edir, bizim üçün də çətin olur. Çalışacağıq ki, səfərə 2 gün əvvəldən gedib müəyyən qədər uyğunlaşaq.
– Bəlkə, həmin oyuna qədər hazırlığı elə “Səbail”in meydanında keçəsiz?
– Təcrübəmizdən görmüşük ki, bu, yaxşı addım deyil. Zədə almaq təhlükəsi var. O qədər oyunçumuz yoxdu ki, bu riskə girək. Bu, təhlükəli olacaq və belə etməyəcəyik.
– Rəqib baş məşqçi “Neftçi”nin gözlədiyi kimi oynadığını söylədi. Səfərdə rəqibi necə təəccübləndirməyi düşünürsüz?
– Əlimizdə olan futbolçulara görə seçim edirik. Bizi analiz etmək çox asandı. Öz xarakterimizi ortaya qoymalıyıq. Bəzi boşluqlar verdik, bunları aradan qaldıra-qaldıra öz oyunumuzu tapmalıyıq. Oyunumuzu tutmuşuqmu? Yalan deyərəm. Durumumuz pik həddə deyil. Mənim üçün önəmli olan futbolçuların meydanda xarakter göstərməsidi.
– Harramiz hücumda “dişsiz” görünürdü. Onun oyunundan razısız?
– Tam razıyam. Bütün oyunçularımdan razıyam. Məsələ qol vurmamaqdısa, onu da edəcək. Buna ümid edirik.
– Namiq Ələsgərovun son durumu necədi?
– Türkiyəyə gedib. Üzü üçün maska düzəldilməlidi. Qayıtdıqdan sonra yavaş-yavaş məşqlərə başlayacaq.
– Sezar Meza Kolli və Mamadu Mbodj məcburiyyətdən oynayır, ya layiq olduqları üçün?
– Layiqli futbolçulardı.
– Transferlər yoxdu. Bu, nədən qaynaqlanır?
– Buna aydınlıq gələcək. Transfer işləri davam edir. Axtarışdayıq.istədiyimiz oyunçular olub, konkret hücum üçün 3-4 futbolçu olub. Gəlmək istəmirlər. Masa arxasına oturmaq istəmirlər. Bu, tək “Neftçi”dən yox, ümumi durumdan qaynaqlanır. Bir neçə oyunçu olub ki, fikirləşmişik, gələn həftə burda olacaqlar. Bəziləri ilə özüm şəxsən danışmışam. Ancaq axırda gəlib çıxmırlar. Əlimizdə olan imkanlara görə addım atmaq məcburiyyətindəyik. Yüz faiz transferlər olacaq. İnanırıq ki, tezliklə.