“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVII turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
İdmanxeber.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Hər birinə görə sevindim. Bir az həyəcanlı olduqları hiss olunurdu. Həm də istəkli idilər. Gənclərin, demək olar ki, hamısının əzələlərində problem oldu. Bu da həyəcan və yüklənmədən irəli gəlir.
Sonuncu turda ancaq yerli və gənc oyunçulara şans vermək planımız yoxdur. Mövsümün sonuna yaxın futbolçuları öz formalarından tam uzaqlaşdırmaq da olmaz. Özünüz də görürsünüz, hər matçda rotasiyalar edirdim ki, oyun praktikası itirilməsin. Gələn matçda az oynayan futbolçular meydanda olacaqlar. Balansı qoruyub-saxlayırıq. 12 nəfəri çıxmaq şərtilə, futbolçular yetərincə şans qazanırlar. Gənclər U-21-in heyətində də meydana çıxırlar”.
Qurbanov Riçard Almeyda və Toral Bayramovun yorğunluğa görə axsayaraq gəzdiklərini söyləyib:
“Sudurqa tutub, ona görə belə hallar baş verir”.
Təcrübəli baş məşqçi “Neftçi”yə qarşı son tur matçına eyni heyətlə çıxmayacaqlarını vurğulayıb:
“Başqa dəyişikliklər olacaq. Bu gün Marko Veşoviçə istirahət vermişdim. Abbas Hüseynovda isə zədə var. Kubokun finalna çatma ehtimal var. Amma hələ məşqlərə başlamayıb. Yəqin, “23-lük”də olacaq. Lakin meydana çıxacağına inanmıram. Qəbələyə final matçından 1 gün əvvəl yollanacağıq”.