Bu bir az gecikmiş təbrikdir. Amma fərqi yoxdur. Əsas odur ki, içdən gələn bir şey idi. Sadəcə zaman məhdudluğu bu təbrikin vaxtında ərsəyə gəlməsinə problem yaratsa da, yazılmasına mane ola bilmədi.
Bir həftə öncə Azərbaycan idman mediasının şah əsəri olan “Futbol+” qəzetinin ad günü oldu. Fərdi olaraq qəzetin əməkdaşlarının bəzisini təbrik etsəm də, yazımı hazır edə bilmədim. Gərək üzürlü sayasınız.
Nədənsə “Futbol+” qəzetindən, yaratdıqları bünövrəli bir məktəbdən yazmaq istəyirdim. Bu məktəb haqqında çox yazılıb, çoxları yazıb. Amma o elə məktəbdir ki, adam elə yazmaq istəyir onlardan.
“Direktor”u Mahir Rüstəmli olan bu məktəb şagirdlərinə verdiyi təhsillə öyünə bilər. Bu gün idman mediasında üzdə olan jurnalistlərin çoxusu bu məktəbin attestatını alıblar. Bu məktəbdə heç bir şagird “sınıq-salxaq” “3” almayıb. Bu məktəbdə ya hamı “5” alıb, ya da bu məktəbdən qovulub. Mahir Rüstəmli bu gün o şagirdlərinə imza olmağı öyrədib, aşılayıb.
“Futbol+” bar verən ağacdır. “Ağac bar verdikcə başını aşağı dikər” deyib atalarımız. Bu “ağac” da belədir. “Meyvəsi” çoxaldıqca, yaş üstünə yaş gəldikcə “nə yaxşı ki, bu qəzet varmış” deyilir “Futbol+” haqqında. Bunu çox saylı oxucusu deyir onlara. Hər sayını səbirsizliklə gözləyən oxucusu…O oxucusu ki, hər gün ona xərclədiyi pula görə heyfislənmir, dilxor olmur. Bilir ki, oxuduğu hər məlumat reallığa söykənir, yalan və qarayaxmalar bu qəzetdən uzaqdır.
“Futbol+” “yenilməz batalyon”dur. “Komandir” tərəfindən verilən əmr icra olunmalıdır, yerindən, şəriatindən asılı olmayaraq. Bunun sübutu Azərbaycan Kubokunun 1/16 finalının “Şuşa” – “Şahdağ” matçından sonra baş tutan press-konfransda çəkilmiş foto oldu. Bu günü sosial şəbəkələrdə bəlkə ən çox baxılan, ən çox rəy yazılan fotolardan biridir həmin foto. Bilməyənlərin nəzərinə çatıdırım ki, bu matçdan sonra baş tutan mətbuat konfransı “Şəfa” stadionunun 4-cü meydançasının hamamında baş tutmuş, matçın işıqlandırılmasında isə yeganə mətbuat işçisi bu qəzetin repartyoru olmuşdu. Əsl fədəkarlıq bax, budur.
“Futbol+” kollektivini bir futbol klubu olaraq dəyərləndirsək, şəksiz olaraq onları "Barselona"ya bənzətmək olar. Çünki yarandığı gündən qəzet bütün idman növlərini diqqətdə saxlayır, bütün çempionat oyunlarına öz repartyorlarını yollayır, hətta, birinci divizion, aşağı dəstə, futzal, həvəskarlar, tələbələr və futbolun bütün qolları ilə maraqlanırlar. Yəni, bu kollektivin hamısı "vuran ayaq"dır. Danılmaz faktdır ki, 16 il ayaqda qalmaq hər qəzetin işi deyil. Bunu Mahir müəllim və onun kollektivi bacardı. Keçmiş ad gününüz mübarək!
Emin