21 Dekabr 2024
Kateqoriyasız

“Getmək vaxtıdı, tükənmişəm” – Georgi Nikolov

Bakının “İnter”in klubunun prezidenti Georgi Nikolov “Het-trik news” qəzetinə müsahibə verib. Müsahibəni təqdim edirik.

– Georgi Nikolayeviç, ilk sualım azərbaycansayağı olacaq: nə var, nə yox?

– Vəziyyət yaxşı deyil. “İnter” belə vəziyyətə öyrəşməyib. İndiki durumumuz rəhbərliyi, futbolçuları, klubun işçilərini çox sıxır.

– Mətbuata verdiyiniz əvvəlki açıqlamaların demək olar hamısında klubun tezliklə əvvəlki vəziyyətinə qayıdacağını bildirmişdiz.

– Rəhbərlik hər dəfə söz verir. Mən də onlara inanıb bu cür açıqlamalar verirəm. İndi də tezliklə maliyyə probleminin yoluna qoyulacağını deyirlər. Hələlik dözürük. Başqa yolumuz da yoxdu. Bizi ən çox sıxan klubun kimin mülkiyyəti olmasıyla bağlı qeyri-müəyyənlik idi. Yaxınlarda bu problem yoluna qoyuldu. Prosesin yubanması klubun işlərinə təsirsiz ötüşmədi. Klubun yeni təsisçiləri olacaq. Daha əvvəl klubun təsisçisi və faktiki sahibi Lüksemburqda qeydiyyatdan keçən “İnter İnternational Sport Club” LLC idi. Bu şirkət Beynəlxalq Bankla əlaqəli idi. Klubun fəxri prezidenti isə bildiyiniz kimi, Cahangir Hacıyevdi. İndi də şirkət klubun sahibi, Cahangir müəllim isə fəxri-prezidentidi.

– Hamıya məlumdu ki, klub faktiki olmasa da Cahangir Hacıyevı məxsusdu. Məhz onun Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən çıxarılmasından sonra “İnter” maliyyə problemləri ilə üzləşdi.

– Bunu Cahangir Hacıyevinn istefası ilə əlaqəli olduğunu deyə bilmərəm. Ola bilər ki, hansısa məqamlar üst-üstə düşür. Razıyam, məhz cənab Hacıyevin Beynəlxalq Bankdan gedişindən sonra klubda maliyyə böhranı yaşanmağa başlandı. Amma bunu sırf Cahangir Hacıyevlə əlaqələndirmək düzgün deyil. “İnter”in müəyyən illik büdcəsi var idi və həmin büdcəyə uyğun olaraq maliyyələşirdi. Bizə ayrılan pul gecikdiyindən, futbolçuların və işçilərin maaşlarını gecikdirdik. Stadiondan əldə olunan gəlir, futbolçuların satışından və UEFA-dan gələn vəsait hesabına ancaq vacib xərcləri qarşılaya bildik. Bura stadionun saxlanması, kommunal xərclərin ödənilməsi, futbolçuların yeməyi, qalması və digər xərclər daxildi. Təəssüf ki, həmin vəsait klubun bütün xərclərini qarşılamaq üçün yetərli deyil. Ötən il klubun illik büdcəsi 7 milyon manat idi. Həmin pula bütün işləri görə bilirdik. İndi isə “İnter Arena”dan gələn illik gəlir 200-250 min aralığındadı. Bununla məgər klub saxlamaq olar?

– AFFA-nın “İnter”də Müşahidə Şurası yaratmaq istəyi ilə bağlı xəbərlər dolaşır. Lakin klubun sahibi Cahangir müəllim hər vəchlə buna qarşı çıxaraq, “İnter”i əldən vermək istəmir…

– AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov “İnter”in çətin vaxtında həmişə bizə dəstək olublar. Xəbərlərin doğru olduğuna inanmıram. Bir neçə il əvvəl AFFA “Şəfa”nın bizə satılmasında güzəştlər etmişdi. ƏDV xaric 5 milyon manata “Şəfa”nı aldıq və hazırda klubun mülkiyyəti hesab edilir.

– Üzr istəyirəm, AFFA-nın baş katibi Elxan Məmmədov ötən öl bizimlə söhbətində həmin məbləğin ƏDV xaric 4 milyon 250 min manat olduğunu demişdi. Bundan başqa, unutmayaq ki, stadion sizə satılanda Cahangir müəllim vəzifədə idi. AFFA vəziyyətdən istifadə edib stadionu geri qaytarmaq istəyə bilər. Axı “İnter Arena”nın real qiyməti alış qiymətindən qat-qat çoxdu.

– Ola bilər. Dəqiq məbləğ yadımda deyil. Hardasa 5 milyon civarında idi. Düzgün buruyursuz, hazırda stadionun qiyməti alındığından bir neçə dəfə çoxdu. Son audit yoxlamasından sonra baza 35 milyon manat qiymətləndirilib. Bir daha təkrar edirəm, AFFA-nın belə bir planının olmasına inanmıram.

– Daha bir xəbər klubun vergi və sosial müdafiəyə olan borcu ilə bağlıdı.

– Əminliklə deyərdim ki, bu gün klubun hansısa dövlət orqanına 1 qəpik də borcu yoxdu.

– Maraqlıdı, necə oldu ki, maliyyə böhranı ilə üzləşən klub birdən-birə tanınmış futbolçuları heyətinə cəlb etməyə başladı?

– Hazırkı heyətdə çıxış edən futbolçuların hamısını əsl kişi hesab edirəm. Tanınmış oyunçu olmalarına baxmayaraq, kiçik məbləğdə maaşla oynamağa razı oldular. Beynəlxalq Bankla hazırkı razılaşmaya əsasən, müəyyən büdcə tərtib olunub və həmin büdcədən kənara çıxmayaraq futbolçulara maaş veririk. Məvacibləri o qədər də yüksək deyil. Maksimum 5 min manat. Bu məbləği daha təcrübəli futbolçular alır. 1000 manat maaş alan futbolçumuz da var. Ödənişlərdə gecikmə yoxdu. Bank nəzərdə tutulan vəsaiti vaxtında ayırır.

– Bəs uşaq futbol məktəbində işləyən məşqçilərin maaşlarının azaldılması ilə bağlı nə deyə bilərsiz?

– Hazırkı maaşları 400 manat civarındadı. Bir neçə gün əvvəl eşitdim ki, guya onların məvaciblərini iki dəfə azaltmışıq. Yalan xəbərdi. Yaxşı günlərdə daha artıq idi. Klubun maliyyə vəziyyəti düzəldikcə məşqçilərin və işçilərin maaşları da artırılacaq. Ümumiyyətlə, son vaxtlar “İnter” haqda doğru olmayan xəbərlərin daha çox yayıldığının şahidi oluruq. Bu da anlaşılandı və belə xəbərləri normal qarşılayırıq.

– Həmin xəbərlərdən biri də sizin kirayə tutduğunu evin pulunu verə bilməməyiniz və bu üzdən klubun bazasında məskunlaşmağınızla bağlıdır.

– Doğrudu, bazada qalıram. Amma bu, ev pulunu verə bilməməyimlə əlaqəli deyil. Ayağımı yorğanıma görə uzatmağı bacaran insanam. Klubu əlavə xərcə salmamaq üçün klubun bazasında qalmağa qərar verdim. Bazada bizim kiçik yataqxanamız var, futbolçuların bəziləri orda yaşayırlar. Otaqlar bir balaca kiçik olsa da, mənim üçün çox rahatdı.

– Çempionat başlamamışdan əvvəl “İnter”in bu cür çıxış edəcəyi gözlənilmirdi. Komanda hazırda 4-cü yerdədi. Təsadüfən qarşıya çempion olmaq məqsədi qoyulmayıb?

– “Qarabağ”a məğlubiyyət işləri korladı. Azərbaycanın ən güclü komandasına qarşı sərgilədiyimiz oyun gələcəyə nikbin baxmağa əsas verir. İkinci hissədə imkanlardan istifadə etsəydik… Matçın sonlarında baş verənlərə görə ancaq təəssüflənirəm. Hakimin səhv qərarları oldu, 2 güclü komanda arasında baş tutan futbol bayramının adına xələl gəldi. Kimdi günahkar? Bu haqda danışmaq istəmirəm. Əsas odu ki, çempionatın əvvəlində qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün gücümüzün olduğunu gördük. Əlbəttə, çempion olmaq istəyirik. Ancaq bunun çox çətin olacağını da bilirik. Mövsümün əvvəlində baş məşqçim Zaur Svanadze də mənə bu sualı vermişdi. Məqsəd isə ilk “üçlüy”ə düşməkdi.

– Son 2 oyunda komandanın 3 lider futbolçusu – Dieqo Martins, Lomaya və Xizinaşvili qırmızı vərəqə alıb. Deyəsən, komandada nizam-intizam aşağıdı.

– Deməzdim. Ola bilər ki, onların yersiz hərəkətləri klubdakı vəziyyətlə bağlı olsun.

– Bəs peşəkarlıq harda qaldı?

– Peşəkarlıq həmişə olmalıdı. Ancaq insan uzun müddət gərginlik içində olanda peşəkarlıq arxa plana keçir. Maliyyə çətinliyi, klub və futbolçular haqqında gəzən dedi-qodular… Onlar da insandı. Əsəblərinə hakim ola bilmədiyi, bezdikləri anlar olur.

– Stadionun ot örtüyünün vəziyyəti acınacaqlıdı.

– 2012-ci ildə Hollandiyanın “Edel grass” şirkəti ilə bağladığımız müqaviləyə əsasən stadionun ot örtüyü yeniləndi. Həmin şirkətlə əlaqə saxlayıb vəziyyət barədə məlumat vermişdik. Ötən ay nümayəndələri gəlib qazona baxış keçirdi və təmir olunması ilə bağlı qərar verdilər. Yanvar ayında işə başlayacaqlar və ancaq öt örtüyünün üstünə tökülən dənəciklər dəyişdiriləcək. Qazon yenilənərkən dənəcikləri istehsal edən İtaliya şirkəti Bakıdakı hava şəraitini nəzərə almamışdı. İsti havada dənəciklər əriyir və bir-birinə yapışmağa başlayır. Bu da futbolçular üçün problem yaradır. Analoji vəziyyət AZAL-ın stadionunda və “Dalğa Arena”da yaşanıb. Öt örtüyü 2012-ci ilin dekabrında salınıb və şirkət tərəfindən 3 illik verilib. Zəmanət müddəti bitmədiyindən, görülən işlərə görə şirkətə heç bir vəsait ödənməyəcək. 2-ci və 3-cü meydanların da ot örtüyü yenilənməlidi. Hər ikisi çox pis vəziyyətdədi. 4-cü meydan isə hələ “dözür”.

– Nə vaxt yenilənəcək?

– Pul olanda. Bilirsiz, ötən il stadionda yenidənqurma işlərinin aparılması ilə bağlı plan tərtib etmişdik. Plana 1-ci meydanda 4-cü tribunanın quraşdırılması, 3-cü meydanın standartlara uyğunlaşdırılması, yeni yataqxananın, bazanın və soyunub-geyinmə otaqlarının tikintisi və s. daxil idi. Məlum vəziyyətlə əlaqədar plan təxirə düşdü.

– “İnter”in Premyer Liqadakı bütün oyunlara ancaq göy futbolkalarla çıxıb. Başqa rəng formanız yoxdu?

– Göy rəngli futbolka bizə düşərli olduğu üçün çox vaxt ondan istifadə edirik. Ağ rəngli futbolkalarımız da var. Etiraf edim ki, hər iki komplekt ötən mövsümdən qalmadı. Nömrələr və futbolçuların adları yenidən yazıldığı üçün göy futbolkalarda köhnə nömrə və adların yeri o qədər sezilmir. Bundan başqa, Avroliqada çıxış edərkən qaydalara əsasən futbolkalarda ancaq 1 sponsorun adı olmalıdı. Ağ rəngli formaların arxasında 2-ci sponsorun adını sildiyimiz üçün ləkə açıq-aydın hiss olunur. Bəlkə də “ağ”dan istifadə etməməyimizin digər səbəbi budu.

– Klubunuzda uşaq futbol məktəbində vəziyyət acınacaqlıdı. Uşaqlar məşq etməyə top, geyinməyə forma tapmırlar.

– Nəinki top və forma tapmırlar, komandaların oyunlara getməyə nəqliyyat ayırmaqda çətinlik çəkirik. Elə hal olur ki, əsas komandanın avtobusundan istifadə edirik. Bunlar hamısı maliyyə çətinliyi ilə bağlıdı.

– Nə vaxta kimi problemlər valideynlərin hesabına həll olunacaq?

– (Fikrə gedir) Utanıram. Valideynlər qarşısında utanıram. Klubun belə çətin vəziyyətində bizə dayaq olan hər bir valideyinə minnətdarlığımı bildirirəm. Başqa deməyə nəsə söz tapmıram. Hamı bilir ki, indiyə kimi “İnter”də uşaq futboluna necə diqqət ayrılıb. Hazırda isə valideynlərin köməyi ilə bəzi problemlər yoluna qoyulur. Ancaq bunun çox davam edəcəyini düşünmürəm. Yaxın vaxtlarda hər şey yoluna qoyulacaq.

– Dekabrda klubla müqaviləniz başa çatır. Qalacaqsız, yoxsa…

– Klubun mülkiyyəti ilə bağlı məsələ tam həllini tapsa, nəsə demək olar. Rəhbərlikdə yeni insanlar təmsil olunsalar, böyük ehtimalla idarəçiliyə özlərinin adamlarını gətirəcəklər. Hiss edirəm ki, getmək vaxtıdı. 2006-cı ildən klubdayam. Bütün gücümü, bacarığımı bura sərf etmişəm. İndi tükəndiyimi hiss edirəm. Məncə, kluba yeni, enerjili insanlar lazımdı.

– Geridə qalan müddətdə “İnter” sizə nə verdi?

– Cahangir müəllim məni bura dəvət edəndə klub hələ təzə yaranmışdı. İdarəçiliklə bağlı problemlərin olduğu hiss edilirdi. “İnter” məni futbol adamı etdi. Bura gələndə futbola yad insan idim. Böyük iş və həyat təcrübəsi qazandım. Yaxşı və pis insanlarla tanış oldum. Hər iki qrupa minnətdaram. Xüsusilə 2-ci qrupa. Məhz onların sayəsində yaxşını pisdən seçə bildim. Hə, bir də saçlarım ağardı.

– Bəs siz “İnter”ə?

– Gördüyüm işlər haqqında danışmaq etikadankənar olar. Geridə qalan müddətdə klub 2 dəfə ölkə çempionu olub, 3 dəfə 2-ci yeri tutub, 4 dəfə Azərbaycan kubokunun finalına çıxmışıq, Çempionlar Liqası və Avroliqada çıxışlarımız… Demək olar ki, hər il medalçılar sırasında yer almışıq. Hələ Birlik Kubokundakı qələbəni demirəm. Həmin kubokla fəxr edirəm. Yəqin ki, bu uğurlarda azacıq da olsa, mənim də əməyim var. Məsləhət olsa, qalacam. 10 ilə yaxındı Azərbaycandayam. Heç vaxt burada keçirdiyim günlərə görə heyfslənməyəcəm.

İlqar TAĞIYEV,
“Het-trik news” qəzeti



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43