Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
İdmanxeber.com-un məlumatına görə, avqustun 27-28-də yeniyetmə qızlar mübarizəyə qoşulub. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Zelfira Ələkbərli (38 kq), Ülkər Babayeva (43 kq), Səbinə Həmzəlzadə (49 kq), Leyla Qurbanova (52 kq) və Şəbnəm Əhmədova (56 kq) ölkəmizi təmsil edirlər.
Çempionatın üçüncü günündə Azərbaycan güləşçiləri Zelfira Ələkbərli və Şəbnəm Əhmədova bürünc medal qazanıblar.
Yarışların dördüncü günündə 40, 46, 52, 60 və 70 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar yarışıblar. Azərbaycan yığması yalnız 52 kiloqram çəki dərəcəsində təmsil olunub. Güləşçimiz Leyla Qurbanova qızıl medal qazanıb.
Leyla Qurbanova bütün rəqiblərini üstələyərək finala yüksəlib. Finaladək təmsilçimiz ABŞ, Yaponiya, Polşa və Hindistan idmançılarını mübarizədən kənarlaşdırıb. Həlledici mərhələdə L.Qurbanova Rusiyadan olan rəqibini 6:0 hesablı təmiz qələbə ilə məğlub edərək dünya çempionatının qızıl medalına yiyələnib. (AzərTAC)