22 Dekabr 2024
Kateqoriyasız

“Hələlik “Mançester Yunayted”i qrupumuzda görmək istəmirik” – Tahir Gözəl

“Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının pley-off mərhələsinin “Linfild”lə cavab  oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

– Sevinc hissləriniz necədir?

– İlk oyunda Şimali İrlandiyaya da getmişdim. Orada bizi təriflədilər. Komandamız barədə deyilən sözlər, “Qarabağ”ı nəhəng klub hesab etmələrini onların qəzetlərində oxumaq çox qürurverici idi. Mənə çox xoş təsir bağışladı, bizi orda gözəl qarşılaşmışdılar. Səfərdə, çox narahat oldum, üzüldüm, ancaq “Qarabağ”a inanırdım. Məğlubiyyətə layiq olmadığımızı bilirdim. Böyük ümidim var idi bu gün. Çox gərgin idim. “Qarabağ” çox üstün və özünəinamlı Avropa oyunu sərgilədi. Layiqli qələbə qazandıq. Xalqımızı, “Qarabağ” sevənləri təbrik edirik. Bu axşam biz millət kimi sevindik.

– APOEL-lə oyundakı məğlubiyyət komandada inamsızlıq yaratmışdı?

– Xeyr, inamsızlıq yaratmamışdı. Etiraf edim ki, APOEL-lə Bakıdakı məğlubiyyətdən daha çox Şimali İrlandiyada uduzmağımız mənə çox təsir etmişdi. Futbol müəmmalıdır, heç nə bilinmir, həyat kimidir, sürprizlərlə doludur. Komandamızın ruh halını saxlamaq və belə davam etmək lazım idi. Bu məğlubiyyətlər bizi daha da gücləndirdi və bu yerə çatdıq.

– Beş dəfə avrokubokların qrupunda iştirak etmisiniz. Bu dəfə qrupda hansı hədəfiniz var?

– Püşkatmada futbol adamları ilə önəmli görüşüm olacaq. Püşkdə bir az bəxt də lazımdır.

– Yəqin ki, qrupda “Mançester Yunayted”lə qarşılaşmaq istəmərsiniz…

– Onları Bakıda görmək də böyük şərəf olar. Ancaq indi deyil, daha sonra (gülür).

– Komanda artıq qrup mərhələsindədir. Güclənməyə ehtiyac var? Transferlər gözlənilir?

– Avropadakı uğurumuz klubun büdcəsinə çox kömək edir. Ancaq mənimlə razılaşarsınız ki, aldığımız yeni futbolçular effektli oldu. Hər oyun arzum budur ki, “Qarabağ” daha yüksək səviyyədə çıxış etsin.

– “Genqam” Abdullah Zubir üçün bir milyon avro ödəmək istəyir. Onu satmaq fikriniz var? Zubiri bu qiymətə satsanız, sizə xeyri olar?

– Heç bir fikrimiz yoxdur. Kimisə satmaq istəmirik. Bizim güclü olmağa ehtiyacımız var. Var gücümüzlə davam edəcəyik. O vəziyyətdə deyilik ki, oyunçumuzu sataq. “Qarabağ” artıq futbolçu gətirib, Avropaya yaxşı qiymətə satmalıdır. Buna nail olsaq, böyük qarantimiz olacaq. Əslində, bunu danışmaq üçün Monakoya gedəcəm. “Qarabağ”ı Avropada daha inkişaf etmiş bir klub edə biləcəyikmi? Bu, məni həyəcanlandırır.

– Qrup oyunları Olimpiya stadionunda olacaq, yoxsa Tofiq Bəhramov adına Respublika stadionunda? Azarkeşlər BOS-a getməyə çətinlik çəkir.

– Sizinlə razıyam. Baxacağıq. Böyük klublar olsa, bizə 70 min azarkeş lazımdır, nəinki 30 min. Görək, nə baş verir. Hələlik, bizim üçün bura daha yaxşıdır.

– Qrupda minimum hədəf nədir?

– Rekord vurmaq, mərhələ keçmək! Tarixdə belə güclü “Qarabağ” olmayıb. Biz buna layiq idik. Biz buna hazırlaşmışıq. Görün, neçə ildir Qurban Qurbanov klubdadır. Etiraf edim ki, çatışmayan cəhət var. Oyunlar o qədər gərgin keçir ki, yerli futbolçularımıza çox şans verə bilmirik. Bundan narahatam. Arzu edərdim ki, Rahil Məmmədovdan başqa üç-dörd yerli uşaq da oynasın. O qədər gərgin oyunlar var ki… Ya hədəfə getməliyik, ya da futbolçularımıza şans verməliyik. Hədəfə gedəndə sevinirəm. Ancaq kluba baxanda öz oyunçularımızı görmürəm. Bu yolla nə qədər getsək, axırı olmayacaq. Səmimi düşüncələrimi sizinlə bölüşürəm. Gizli mesaj vermirəm. Yerli futbolçunun az olması məni narahat edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43