Ölkə futbolu

“Hər şeyi edirik, son vuruşlar çatışmır” – Rəşad Sadıqov

“Bizim üçün gözlənilməz başlanğıc oldu. Növbəti dəfə bəsit bir qol buraxdıq. Oyunu dəyişmək üçün çox güc sərf etdik və buna nail olduq. Qaçırdığımız çoxlu epizodlar var. Təəssüflər olsun ki, sonda ani diqqətsizlikdən rəqib qapımıza qol vurdu. Ümumən komandanın oyunundan çox razıyam. İkinci dövrəyə çox yaxşı başlamışıq. Hər üç matçda da komandanın inkişaf etdiyi görünür. Daha sürətli, daha keyfiyyətli oynamaq istəyirik. Hər şeyi edirik, son vuruşlar çatışmır. Hesab 2:2 olandan sonra da imkanlar var idi, dirəkdən dönən toplarımız oldu. Mənim üçün ilk öncə oyundur. Çempionatda əsas rəqiblərimizlə oynayanda üstünlük bizdə olur. Bu, sevindirici haldır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qəbələ” görüşü barədə “CBC Sport”a açıqlamasında deyib. O, daha sonra belə davam edib:

“İlk qoldakı Mehdi Cənnətovun səhvindən çox danışmaq istəmirəm. Bu cür texniki xətalar həmişə olur. Belə şeylər mümkündür. Amma biz həddindən artıq çox bəsit qollar buraxırıq. İlk dövrədə də belə idi, indi də eyni şəkildə davam edir. Kobud səhvlər hamıda var. Amma bizim qədər asan qol buraxan ikinci komanda yoxdur. Penalti vuranımız Keytadır, ikinci Rəhim Sadıqovdur. Həmin epizodda Keyta zədələndiyi üçün topun arxasına Rəhim keçdi. Açığı, penalti mənim üçün o qədər də önəmli deyil. Fərqlənsəydik, fasiləyə öndə yollansaydıq, daha yaxşı olardı. Ancaq ümumən qol imkanlarımızdan da yararlana bilmirik. Səbrli olmaqlıyıq. Vacib olan oyunumuzun daha sürətli olmadıdır.

Valdislav Kulaç zədələndi, bir az düzəlməsi vaxt alacaq. 3 futbolçu almışıq, dördüncü ilə də danışıqları bitirmişik. Ancaq heç biri oyunlarda iştirak edə bilmir. İbrahim Abbasın da zədəsi var. O da 3-4 həftə oynamayacaq. Ancaq mən onun potensialına inanıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43