22 Dekabr 2024
Kateqoriyasız

“Hamı əsəbiləşmişdi” – Maksim Medvedev

Azərbaycan Premyer Liqasında XVIII turun “Qarabağ” – “Qəbələ” (5:1) oyunundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin kapitanı Maksim Medvedev jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az-ın məlumatına görə, o, matç barədə bunları söylədi:

– Çox intensiv oyun oldu. Avrokubokdan sonra bu oyuna köklənmək bir az çətin idi. İlk yarıda əziyyət çəkdik. Fasilədən sonra başqa futbol nümayiş etdirdik. İstədiyimiz hər şey alındı.

– Oyuna köklənməyin çətin olduğunu dediz. Daha yaxşı köklənsəydiz, hesab necə oldu?
– Böyük komandalar qarşı tam başqa cür hazırlaşırsan, bütün diqqətini ona yönəldirsən. Yerli çempionatda hansısa oyunçu daha rahat meydana çıxa bilir. Hər il bizdə bu problem olur. Matçdan öncə də baş məşqçimiz bu barədə fikirlərini bildirmişdi. İlk yarıdan sonra baş məşqçi komanda ilə danışdı və bizi ikinci hissəyə köklədi.

– Buraxdığınız qol sizi qıcıqlandırdı?
– Oyun gedə-gedə belə penalti verilməsinə əsəbiləşdik. Videoya baxanda haqlı qərar olduğunu gördük. Oyun vaxtı fərqli fikirləşirdik. Hamı əsəbiləşmişdi. Künc zərbəsi zamanı bütün oyunçular bir-birini tutur. Ona görə bir az əsəbiləşdik ki, belə bir epizod oldu. Qol buraxdıqdan sonra daha yığcam olmağa çalışdıq. Penalti bizi ayıltdı, daha dəqiq və stabil oynamağa başladıq.

– Ölkə çempionatındakı rəqabətsizlik “Qarabağ”ın avrokluboklarda nəticələrinə nə qədər təsir edir?
– İnanmıram ki, Azərbaycanda elə bir səviyyə olsun ki, sabah “Marsel”lə oyuna çıxanda bərabər oyun olacağını fikirləşək. Bizim çempionat o qədər də aşağı görünmür. Güclü legionerlər ölkəmizə gəlsə, liqa güclənər. Növbəti mövsümdən komanda sayının artacağı deyilir. Rəqabət olanda böyük komandalara qarşı daha yaxşı oynaya bilirsən.

– Bu yaşa qədər stabil oynamağının sirri nədədir?
– İnsandan çox şey asılıdır. Mən də gənc olanda səhvlər etmişəm. İndiki təcrübəmlə keçmişə baxanda gülürəm, peşman oluram. Bəzi futbolçular yaş az olanda həm futbolda, həm kənarda səhvlər edirlər. Peşəkar olanda bütün həyatını dəyişməlisən. Bəzi oyunçular bu stabilliyi qoruya bilmir. Mənim ətrafımda təcrübəli futbolçular olub. Onlardan nümunə götürmüşəm. Baş məşqçimiz də mənim stabil çıxışımda böyük rol oynayıb.

– Demək olar ki, Azərbaycanda bütün uğurları qazanmısan. Bundan sonrası üçün motivasiyan nədir?
– Hədəflər var. Konfrans Liqasında qrup səddini aşdıq, Avropa Liqasında, Çempionlar Liqasında qrupdan çıxmağı arzulayıram. Onlar üçün daha çox çalışmalıyıq. Milli komanda ilə də nəticə qazanmaq istəyirəm.

– Avrokuboklarda Rəşad Sadıqovun rekordunu qırdın. Millidə ona çata biləcəksən?
– Millidə çox oynamaq bir az çətindi. Hansısa komandaya qarşı oyyanayda həmişə rəqib səndən güclü olur. Püşkatmada 5-6-cı yerdə oluruq. İnanmıram ki, Rəşadın rekorduna çatım. Bəlkə də, bir ildən sonra milli komanda ilə vidalaşacam. Gərək 3 il də oynayım ki, Rəşadın rekorduna çatım. 100 oyuna çatıb-çatmamağımı zaman göstərəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43