22 Dekabr 2024
Dünya futbolu Ölkə futbolu

“İkardi, Zaniolo kimi oyunçular meydanda olacaqlar” – “Qarabağ” rəsmisi

“Bu barədə yeganə “Qalatasaray” klubu ilə danışıqlar aparmışıq. Burda məqsəd həm Azərbaycanın, həm də Türkiyənin avrokuboklardakı ən uğurlu klubarının qarşılaşması idi. Üstəlik, ölkəmizdə “cim-bom” azarkeşlərinin sayının çox olması üçün bu seçimi etdik. Təşəkkür edirik ki, “Qalatasaray” tərəfi də bizimlə razılaşdı və uyğun bir vaxt seçildi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə “CBC Sport”a Ağdam təmsilçisi ilə “Qalatasaray” arasında keçiriləcək yoldaşlıq oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Milli komandaların oyunu ilə bağlı yaranmış fasilədən istifadə edib görüşü 26 mart tarixinə təyin etdik. Bəziləri fikirləşir ki, millilərin oyunu ilə bağlı əsas futbolçular meydanda olmayacaq. Ancaq nəzərə alaq ki, hər iki klubda da bütün heyət yığmaya çağırılmır. “Qalatasaray”da Mauro İkardi, Nikolo Zanilolo, Saşa Boy kimi ulduz isimlər yığmada çıxış etmirlər. Bunlar hamısı Bakıda olacaqlar, burada meydana çıxacaqlar. Elə “Qarabağ”da da Maksim Medvedev, Qara Qarayev və bir neçə legioner oyunçularımız görüşdə iştirak edəcəklər”.

Abbaszadə biletlərin tez bir zamanda satışa çıxarılacağını bildirib:

“Artıq biletlərin qiyməti məlumdur. Mümkün qədər tez satışa çıxarmaq istəyirik. Bəzi texniki məsələlər qalıb. Biletlərin qiyməti 3-5-30-50-100-150 manat təşkil edəcək”.

Klub rəsmisi qarşılaşmanın Bakı Olimpiya Stadionuna salınmasına da münasibət bildirib. O, bu qərarın görüşə marağın çox olması ilə əlaqələndirib:

“Oyunun BOS-da keçirilməsini xüsusi ilə seçmişik. Çünki həm “Qarabağ”ın, həm də “Qalatasaray”ın ölkədə kifayət qədər azarkeşləri var. Bu səbəbdən də “Tofiq Bəhramov”da yox, matçı daha çox azarekeş tutumuna malik Bakı Olimpiya Stadionunda keçirməyə qərar verdik.

Yeri gəlmişkən, bu işdə bizə dəstək olan hər kəsə, o cümlədən BOS rəhbərliyinə təşəükkür edirik. Oyunun keçirilməsi üçün stadionun müəyyən xərcləri var, ancaq xeyriyyə məqsədli görüş olduğu üçün onlar bundan imtina etdilər”.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43