22 Dekabr 2024
İdman

İki boksçumuz dünya çempionatının 1/8 finalında

Koreyanın Jeju şəhərində qadınlar arasında boks üzrə dünya çempionatı davam edir.

İdmanxeber.com-un Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən rinqə çıxan 3 boksçumuzdan ikisi qələbə qazanıb.

54 kq  çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova Meksika təmsilçisi Sosa Paredes Denia Karinanı məğlub edib. Milli komandamızın üzvü 1/8 finalda irlandiyalı Mikaela Volşla üz-üzə gələcək.

Yana Alekseyeva (60 kq) dünya çempionatında ikinci görüşünü də qələbə ilə başa vurub. Boksçumuz bu dəfə Almaniya nümayəndəsi Taşenaa Buqarı mübarizədən kənarlaşdırıb. Alekseyeva 1/8 finalda Ukrayna idmançısı Yuliya Tsiplakova ilə qarşılaşacaq.

48 kq çəki dərəcəsində çıxış edən Əzizə Abbasova isə ilk görüşdə rusiyalı Zoya İsayevaya uduzaraq, dünya çempionatından kənarda qalıb.

Qeyd edək ki, Əlimərdanova və Alekseyevadan öncə Yelena Vıstropova da 1/8 finala vəsiqə əldə edib. Dünya çempionatına noyabrın 24-də yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43