“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri İdmanxeber.az saytına müsahibə verib.
– “Kəpəz” Premyer Liqada qalmaq üçün ciddi üstünlük əldə edib. Komandanın durumu sizi qane edirmi?
Mövsümə qələbəylə başlasaq da, komanda tam olaraq hazır deyildi. Kifayət qədər büdcəmiz yox idi, buna görə də istədiyimiz transferləri edə bilmədik. Yeni toplanmış komandaya vaxt lazımdı ki, hər şey yerinə otursun. Sonra baş məşqçi dəyişikliyi oldu və o da bizə əlavə stimul verdi. Baş məşqçi dəyişikliyindən sonra bilirsiniz ki, komanda da sıçrayış olur. Bu da oyunlarda özünü göstərdi. Ümumi baxsaq, çempionat artıq yekunlaşmağa doğru gedir. Sona 8 tur qalıb. Bizim indi vacib oyunlarımız qalıb. Bir neçə görüşdə də yaxşı nəticə göstərsək, istəyimizi reallaşdıracağıq. Bu il komandanın məqsədi çempionatda yerini qorumaq idi və biz buna çox yaxınıq. Ancaq arxayınlaşmaq olmaz, 3 xallıq sistemdir. Son oyunlarda göründü ki, komanda stabil çıxış etmir. Mübarizə aparıb, axıra kimi döyüşmək lazımdır ki, bu mövsümkü missiyamızı tezliklə yekunlaşdıraq.
– Klubdakı bu qədər sıxıntılar, problemlərə rəğmən, komandanın nəticələrinin müsbətə dəyişməyə nə səbəb oldu?
Burada ən önəmli faktor baş məşqçi dəyişikliyidir. Bunun ardından komandada əhval-ruhiyyə yüksəldi və özünə inam geri qayıtdı. Oyunçular qələbələr qazanaraq özgüvənlərini bərpa etdilər. Mövsümün əvvəliylə bugünkü günü müqayisə etsək, heyətdə ciddi dəyişiklik yoxdur. Sadəcə burada komandanın mübarizə əzminin yüksəlməsi, hər rəqiblə başa-baş oynaması nəticələrə təsir göstərdi.
– Mövsümün ilk yarısında azarkeşlər haqlı olaraq nəticələrə görə narazı idilər. İndi onlara sözünüz var?
Təbii ki, söhbət komandanı istəyən azarkeşlərdən gedir. Onların fikirlərinə həmişə ciddi yanaşmışıq. Ancaq şəxsi ambisiyalarına görə öz istəklərini irəli sürənlər də var. Həqiqətən komandanı dəstəkləyən, hər oyuna gələn tərəfdarları başa düşürük. Gələ bilməyənləri belə nəzərə alırıq. “Kəpəz”in çox güclü vaxtları olub. Sovet dönəmində də, ondan sonra da. Bu gün komandanın liqada qalmaq üçün oynamağı onları heç cür qane edə bilməz. Sadəcə azarkeşlər üçün təsəllidir ki, “Kəpəz” Premyer Liqada mübarizə aparır. Biz də onları başa düşürük. Futbolda sürprizlər çox olur. Bunun üçün güclü və davamlı maliyyə dayaqların olmalıdır ki, klub stabil uğur əldə edə bilsin.
– Dövlət tərəfindən klublara ayrılan müəyyən bir məbləğ var. Sponsor gəliri olmadan yalnız bu məbləğlə nəsə eləməyə çalışan yeganə klubsunuz. Son vaxtlar Gəncədə çox böyük işlər görülür. Akademiya tikildi, meydançalar salındı, klubun avtobus problemi yoluna qoyuldu və s… Əlavə olaraq azarkeşlər sizdən nə gözləsin?
Son illərə baxdıqda “Kəpəz” üçün çox böyük işlər görülür. Burada futbol akademiyasının tikilməsi, süni və təbii meydançaların salınması, Azərbaycandakı ən böyük təlim-məşq bazasının tikilib klubun ixtiyarına verilməsi, avtobusun alınması və s. Bura stadionu da əlavə etmək istəyərdim. Çünki mövsümə başlayanda Gəncəyə yaraşmayan bir stadion var idi. Azarkeşlərin də bəzən tənqidi olurdu ki, niyə bu stadionda müəyyən bir təmir işləri aparılmır. Biz bilirdik ki, bu stadionda yenidən qurma işləri gedəcək və nə vaxtsa da Gəncənin adına yaraşan gözəl bir arena inşa olunacaq. İndi işlər artıq başlayıb. Gənclər və İdman Nazirliyinin tabeliyində bu işlər icra olunur. Və bildiyim qədəriylə 2025-ci ildə nəinki Gəncə, Azərbaycan futbolunun adına çox gözəl bir stadion istifadəyə veriləcək. Bu proseslər artıq böyük bir klubun yenidən dirçəlməsi üçün güclü bir addım olacaqdır.
– Bu işlərin baş verməsi sizin də iş yükünüzü çoxaldır…
Gəncə elə bir yerdir ki, iş yükü kifayət qədər çoxdur. Biz ondan heç bir zaman narahat olmamışıq. Yetər ki, klubda işləyən digər əməkdaşlar da “Kəpəz”i sevsinlər və lazım olanda daha da ürəkli, əzmkar çalışsınlar. Komandanın oyunçularından nələri tələb ediriksə, klubun işçilərindən həmçinin eyni şeyi gözləyirik. Hər kəs əlindən gələni etməlidir.
– Bugünlərdə AFFA-ya yeni rəhbər – Növşən Nəcəf seçildi. Qurumun yeni rəhbərliyindən gözləntiləriniz nədir?
Yeni rəhbərliyə uğurlar arzulayırıq. Bizim bu gün onlardan maddi mənada nəsə gözləməyimiz düzgün olmaz. İnanırıq ki, nə vaxtsa “Kəpəz” üçün yaradılan akademiya və digər infrastruktura ciddi yatırım edən tapılacaq. Yeni AFFA rəhbərliyinə uğurlar arzu edirik. Biz rəhbərlik olaraq özümüz çalışıb kluba sponsoru cəlb etməli və onun əsasında da gələcək planlarımızı qurmalıyıq.
– Mətbuatda şirkətlərdən birinin kluba sponsor olacağı iddia edilirdi. Bu məsələdə yenilik var?
Ümumiyyətlə, sponsor məsələsiylə bağlı xırda və böyük görüşlər keçirilir. Mən bir neçə dəfə bunu qeyd etmişəm ki, təkcə bizə yox, digər klublar üçün də sponsor tapmaq asan məsələ deyil. Hamı istəyər ki, bir yox, bir neçə sponsoru olsun. Sadəcə, real deyil. Bu gün üçün heç bir sponsordan söhbət gedə bilməz. Əgər olacağı təqdirdə, azarkeşlərimizi sevindirmək üçün bu xəbəri bölüşəcəyik.
– Bizdə olan məlumata görə, bu məsələ ortaya çıxanda başqa bir sponsorla razılaşmağa yaxın idiniz…
Sponsor pəncərəmiz, qapımız daimi açıqdır. Hər hansı bir şirkət və ya iş adamıyla müzakirə edirik. Klubun perspektivini, gələcəkdəki planlarını onlara deyirik. Çox təəssüflər olsun ki, prosses uzun müddətdir davam edir və hər hansı bir ciddi nəticə yoxdur.
– Sponsor yoxdursa, bəlli büdcəylə yalnız müəyyən işləri görmək olar…
Keçən il biz bunu yaşadıq. Komandada saxlamaq istədiyimiz oyunçular varıydı, bacarmadıq. Uğurlu mövsüm keçirən, əsas heyətdə oynayan futbolçuların klubdan əlavə gözləntiləri, istəkləri olur. İndiki büdcə ilə bunu qarşılamaq mümkünsüzə bərabərdir. Ona görə də əlavə çətinliklər olacağı indidən bəllidir. Amma biz ilk növbədə komandanın çempionatda işini bitirməyi və daha sonra baş məşqçinin istəyinə uyğun danışıqlara start verməyi düşünürük. İnanırıq ki, bu çətin prosesdə komandamız daha da güclənəcək. Yeni mövsümdən etibarən daha güclü “Kəpəz” görəcəyik.
– Növbəti mövsüm üçün Adil Şükürovdan tələbləriniz nə olacaq?
Reallıqları danışmalıyıq. Biz Adil Şükürova hansı büdcəni verə biləcəyik? Bu il artıq vergi öhdəlikləri də çoxaldığına görə hər bir şeyi yenidən analiz etməliyik. Biz bilmirdik ki, ev oyunlarını səfərdə keçirməli olacağıq. Bunların hər biri detallı şəkildə analiz edilməlidir. Məhdudiyyətlər və çətinliklər təbii ki, olacaq.
– “Kəpəz”də hansı mövqelərə transfer gözlənilir?
Bu barədə heyətdə olan oyunçularla danışıqları yekunlaşdırdıqdan sonra baş məşqçimizin fikrinə əsasən qərar verəcəyik. Mən desəm ki, hər hansısa bir mövqeyə bu oyunçu gözlənilir, doğru olmaz. Bu, baş məşqçinin işidir. Mən də inanıram ki, o, tələsmədən ən düzgün seçimləri edəcək.
– Mövsümün ikinci yarısında yaxşı oyun göstərən futbolçuları heyətdə saxlaya biləcəksiniz?
Futbolçuların fikrini danışıqlara və ya başqa məsələlərə yönləndirmək istəmirik. Qarşıda vacib oyunlar var və o matçlara köklənmişik. Bir neçə uğurlu oyunlar keçirib daha da yuxarı pillələrə çıxmaq istəyirik. Bizim ən başlıca hədəfimiz Premyer Liqada qalmaqdır. Hər şey tamamilə yekunlaşdıqdan sonra baş məşqçimizlə bu barədə danışacağıq.
– Mövsümə Gəncədə başladınız, sonra Tovuza köçdünüz. Daha sonra isə Qəbələ və Bakı. Bu durum sizə necə təsir edir?
Bu çox ağır sualdır. Mövsümün əvvəlində çempionata başlayanda biz bilmirdik ki, oyunlarımızı başqa stadionda keçirəcəyik. Ot örtüyü də yenilənmişdi. Gəncə stadionunda hər şey Premyer Liqanın oyunlarını keçirmək üçün uyğun idi. Çox təəssüflər olsun ki, Gəncədə 2-ci elə bir stadion yoxdur rəqibləri orada qəbul edək. Əvvəlcə “Turan Tovuz”a müraciət etdik. Tovuzda oyunlarımızı keçirdik. Məlum hadisədən sonra orada da oynaya bilmədik. Qəbələyə getməli olduq. Son oyunlarımız üçün yenidən Tovuza üz tutduq. Ehtiram Quliyevlə şəxsən görüşümüz oldu. Bizə çox böyük dəstək verdi. Bu mövsüm oyunlarımızı Tovuzda keçirəcəyik. Mövsüm yekunlaşdıqdan sonra müəyyən qədər vaxtımız olacaq. Bununla bağlı fikirləşib ən uyğun varianti seçəcəyik.
Səxavət Qurbanov