UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qəbələ” öz meydanında məşhur Dortmund “Borussiya”sını qonaq edəcək.
“Alman maşını” uğurlu seriyanı qıra biləcəkmi?
Avropa Liqasının I təsnifat mərhələsindən bu yana doğma azarkeşlər önündə nəinki məğlub olmayan, heç bir qol belə buraxmayan Roman Qriqorçukun rəhbərlik etdiyi komanda çətin sınaq qarşısındadı. “Bakcell Arena”da rəqiblərinə “kabus” yaşadan “qırmızı qaralar” növbəti tarixi yazmaq üçün oyun saatını gözləyir.
Lehimizə…
Almaniya Bundesliqasının cari mövsümündə cəmi 1 dəfə, o da “Bavariya”ya uduzan Dortmund təmsilçisi Avroliqada o qədər də istəkli görünmür. Diqqətini Bundesliqa matçlarına salan “sarı-qaralar” daxili arenada göstərdiyi nəticələrdən fərqli olaraq Avroliqada həvəssiz komanda təsiri bağışlayır. Düzdü 2 oyunda əldə olunan 4 xal istənilən halda yaxşı nəticə sayıla bilər. Lakin “Borussiya” öz meydanında “Krasnodar”la matçda çətinliklə qələbə qazanıb (2:1), PAOK səfərində isə 3 xala həsrət qalıb (1:1).
“Borussiya”nın iki məhsuldar futbolçusundan biri – Henrik Mixitaryanın Bakıya gəlməyəcəyini də “Qəbələ”nin lehinə olan amillərdən saymaq olar. Hər halda hücum xəttində Aubameyanqla yanaşı erməni futbolçu da olduqca məhsuldar oyun sərgiləyir.
Əleyhimizə…
Almaniya nəhəngi meydana çıxdığı son 11 oyunda (avrokoboklar da daxil) rəqib qapılarına 27 qol vurub. “Borussiya” bu qollardan yarısını səfər meydanlarında vurub – 13 qol.
İstənilən halda yuxarıda qeyd olunanlar sadəcə statistikadı. Heç bir rəqibinə asanlıqla təslim olmayan “Qəbələ” almanlarla matçda da bir sürprizə imza atmaqla yerli azarkeşləri sevindirmək gücündədi.
Səxavət QURBANOV