22 Dekabr 2024
Kateqoriyasız

İngilislər üçün Bakıya səfərin qiyməti açıqlandı

UEFA Avropa Liqasının final matçı üçün İngiltərənin “Arsenal” və “Çelsi” klublarının azarkeşlərinin Londondan Bakıya səfərini təşkil edəcək “Thomas Cook Sport” şirkəti vahid qiyməti açıqlayıb.

Şirkətin rəsmi saytı xəbər verir ki, final biletini təqdim edəcək hər bir şəxs 979 funt sterlinq (təqribən 2150 manat) ödəməklə gediş-dönüş paketi əldə edəcək.

Birgünlük səfər paketinə təyyarə bileti və Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı Olimpiya Stadionuna avtobusla gediş-gəliş daxildir. Londondan uçuş oyun günü saat 8:30-a (Bakı vaxtı ilə saat 11:30) nəzərdə tutulub. Geri dönüş isə matçdan sonra – mayın 30-u səhər saatlarında olacaq.

Bildirilir ki, uçuş saatlarının dəyişdirilməsi mümkündür.

“Thomas Cook Sport” şirkəti İngiltərənin “Liverpul” və “Tottenhem” klublarının azarleşlərinə Çempionlar Liqasının iyunun 1-də Madriddəki “Metropolitano” stadionunda baş tutacaq final matçı üçün oxşar paketi 559 funt sterlinqə təklif edir.

Lakin nəzər almaq lazımdır ki, Londondan Bakıya hava məsafəsi 3967.84 km olduğu halda, Londondan Madridə 1263,01 km-dir. Yəni, məsafə olaraq götürülərsə, şirkətin İspaniya paytaxtına gediş-gəliş paketinin qiyməti Bakı ilə müqayisədə bahadır.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda “Arsenal” və “Çelsi” arasında keçiriləcək final oyunu saat 23:00-da başlayacaq (“Report”).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43