Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev saxlanılıb.
İdmanxeber.com-un APA-ya istinadən verdiyi xəbərə görə, faktı Daxili İşlər Nazirliyindən (DİN) təsdiqləyiblər.
Məlumata görə, C.Hacıyevi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb. Səlahiyyətlərindən sui-istifadə edərək, dövlət pulunun talan edilməsində, müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların “çirkli pullar”ının yuyulmasında və digər cinayətlərdə ittiham olunan Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində Nərimanov rayon Məhkəməsində azadlıqdan məhrumetmə qərarı seçilib. C. Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 və 179.1 maddələri ilə ittiham olunur. O, Bakı İstintaq Təcridxanasına aparılıb.
Qeyd edək ki, Cahangir Hacıyev “İnter” futbol klubunun fəxri-prezidenti, eyni zamanda AFFA İcraiyyə Komitəsinin üzvüdür.