26 Noyabr 2024
Müsahibə Ölkə futbolu

“Kəpəz”in kapitanı üzr istədi: “Biz də insanıq, robot deyilik”

“Kəpəz”in kapitanı Yusif Nəbiyevin İdmanxeber.az saytına müsahibəsi.

– “Şamaxı”ya qarşı vacib qələbə qazandınız…

-Bəli, “Şamaxı” oyununda qalib gəlsək də, çox çətin və gərgin görüş oldu. Turnir cədvəlindəki  mövqeyimiz bizə çox stress yaradır. Bu səbəbdən də vacib qarşılaşma idi. Əsas odur qalib gələ bildik.

– Qalib gəlsəniz də, azarkeşlərin bir qismi  baş məşqçini istefaya çağırırdılar. Belə hallar yəqin ki, sizə də pis təsir edir… 

-Əlbəttə, elədir. Belə etmələri futbolçulara da xoş deyil. Ancaq azarkeşlər fikirlərində sərbəstdirlər. Nə istəyirlərsə, deyə bilərlər. Yaxşı olar ki, belə hallar olmasın. Çünki məşqçili-oyunçulu hamımız bu vəziyyətdən çıxmağa çalışırıq. Ancaq bu kimi şeylərə də normal yanaşırıq. Biz peşəkar oyunçularıq.

– Oyunun ardından onlara qarşı bir təpkin oldu. Hətta azyaşlı bir azarkeşdən şəkil çəkdirməkdən imtina etdiyin deyilir…

-Təpki deməzdim. Biz də insanıq, robot deyilik. Anlaşılmazlıq oldu. İnanıram ki, növbəti oyunda bizə dəstək olacaqlar. Bizim onlara, azarkeşlərin də futbolçulara ehtiyacı var. Mehribançılıq olacağına inanıram. Uşaqla şəkil çəkdirməməyimə gəlincə, elə bir şey yadıma gəlmir. Belə şeylərə həssas yanaşan biriyəm. Heç vaxt kiminsə xətrinə, qəlbinə dəymək istəmərəm. Olubsa belə uşağı görmədiyimdən baş verib. Üzrlü hesab etsin.

– Kapitan kimi komanda ətrafında dolaşan söz-söhbətlərə münasibətin necədir?

-Açığı, komandanın kapitanı Tural Axundovdur. Sadəcə, indi oyuna komandanı mən çıxarıram. Əlbəttə, biz istəyərik söz-söhbət olmasın. Ancaq yenə də çalışırıq belə şeylərə fikir verməyək. Kimin nə dediyi, nə yazdığı bizə maraqlı deyil.

– Turnir cədvəlində son sıralar, əlavə olaraq da bu qədər problem. Gəncədə oynamaq çox çətindir?

-Deməzdim. Gəncədə oynamaq çox xoşdur. Şəhər olaraq da, komanda kimi də yaxşıdır. Biz də bir ailəyik, hər yerdə belə söz-söhbətlər ola bilər. Zamanla hər şey öz yerinə oturacaq.

– Qarşıda aşağı yerləri maraqlandıracaq vacib “Sumqayıt” oyunu var…

-Bəli, bizi çox çətin oyun gözləyir. Maksimum ciddi hazırlanırıq. Üzərimizdə təzyiq var, bu durumdan çıxmaq istəyirik.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43