21 Dekabr 2024
Ölkə futbolu

“Karyeram ərzində Azərbaycanda hələ qırmızı vərəqə almamışdım” – VİDEO

Premyer Liqanın V turu çərçivəsində "Rəvan” "Sumqayıt”ın qonağı oldu və 1:0 hesablı qələbə qazandı. Bakı təmsilçisi matçın baş hakimi Fariz Yusifovun bir epizodla bağlı verdiyi qərardan narazı qalıb.

Klubun rəsmi saytında yer alan xəbərdə bildirilir: "Təcrübəli referi rəqib qapıçı Anar Nəzirovun Ramazan Abbasova qarşı aşkar kobudluğunu görmədi. Əksinə, hakim bu epizodda Abbasovun simulyasiyaya əl atdığını düşündüyündən ona ikinci sarı vərəqəni göstərdi. Amma "qırmızı”nı vermək yaddan çıxdı. Yalnız ehtiyat hakimin xəbərdarlığından sonra Ramazana qırmızı vərəqə göstərildi. Bu zaman kəsiyində isə mətbuatın yazdığı kimi 5-6 dəqiqə yox, düz 2 dəqiqə 27 saniyə vaxt getdi. İstənilən halda, orada simulyasiyadan söhbət belə gedə bilməzdi. Bunu həmin epizodun təkrarına baxdıqda da aydın görmək olar".

Məsələ ilə bağlı Ramazan Abbasov da fikirlərini bölüşüb: "Bilirsiz, karyeram ərzində Azərbaycanda hələ qırmızı vərəqə almamışdım. Çünki kobud oyunu sevmirəm, meydanda özümü ələ almağı bacarıram. Amma bu dəfə hakim heç nədən mənə 2 sarı vərəqə göstərdi. Yaxşı, birincini deyək ki, haqq etmişdim. Bəs ikinci?! Açıq-aydın qayda pozuntusu var idi o epizodda. Orda təmiz penalti idi. Topu qapıçının yanından atandan sonra sol ayağıma vurdu, mən də yıxıldım. Yaxşı, deyək ki, bu toxunuş penalti deyil. Axı məhz həmin toxunuşdan sonra yerə yıxıldım, sarı niyə göstərildi?

Oyunun elə anları idi ki, bir qol bütün intriqanı öldürəcəkdi. Penalti verilmədiyini görəndə əsəbimdən bilmirdim neyləyim. Heç ikinci sarı vərəqə də yadıma düşmürdü. Bir də dördüncü hakim Fariz Yusifovu yanına çağırıb nəsə deyəndə anladım ki, söhbət məndən, vərəqədən gedir. Yenə deyirəm, ilk qələbə istəyi o qədər böyük idi ki, heç nə yadıma düşmürdü. Bu yandan da təmiz penaltimiz verilməmişdi. Əsəbimdən partlayırdım. Ümid edirəm ki, aldığım haqsız ikinci sarı vərəqə ləğv ediləcək və mən "Qarabağ” ilə oyunda komandaya kömək edə biləcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43