“Neftçi”nin yarımmüdafiəçisi Kaue “Zirə”yə qarşı keçirdikləri oyundan (1:1) sonra İdmanxeber.com-a müsahibə verib.
– İlk öncə oyunla bağlı nə deyərdin?
– “Zirə” yaxşı komandadır. Onlar kompakt oyuna üstünlük verirlər. Biz isə oyun ərzində cəmi bir səhvə yol verdik, o da qolla nəticələndi. Amma ondan sonra dərhal toparlana və cavab qolunu vurmağı bacardıq.
– Hər iki komandanın oyunçuları tez-tez yerdə qalırdı. Futbol oynamaq fikriniz yox idi?
– Ola bilsin ki, rəqib aqressiv oynayırdı. Həm də “Zirə”ni heç-heçə hesabı qane edirdi, buna görə də tez-tez yerdə qalırdılar. Hesabı qorumağa çalışırdılar.
– Oyunun gedişində hakim qonaqların qapısına iki dəfə penalti təyin etmədi. Yoxsa, bu, tribunadan belə görünürdü?
– Mümkündür ki, həmin epizodlardan birində mən də iştirak etdim. Hakimlikdən danışmaq istəmirəm. Amma hakimin bəzi qərarlarını başa düşə bilmədim. Sarı vərəqələri bizə heç nədən paylayırdı. Lakin rəqib futbolçularla bağlı oxşar qərarlar görmürdük.
– Əsgər Abdullayevin rəhbərliyi altında dördüncü oyununuz idi. Komanda hələ ki, bu görüşlərdə uduzmayıb. Qarşıda isə “Qəbələ” ilə səfər oyunu var…
– Qəbələyə də qələbə ardınca gedəcəyik. “Neftçi” hazırda inkişafdadır. Tədricən böyük komanda olmağa başlamışıq.
– “Qəbələ” “Neftçi” ilə oyuna qədər Avropa Liqasında oyuna çıxacaq. Böyük ehtimalla onlar sizinlə görüşdə yorğun olacaqlar…
– Ola bilsin ki, bir qədər yorğun olsunlar. Amma bu komandanın heyətində çoxlu güclü futbolçu var. İstənilən halda biz Qəbələdə maksimum nəticə üçün mübarizə aparacağıq.
– “Neftçi”nin müdafiə xətti çoxlu səhvlərə yol verir. Bunun səbəbi nədir?
– Razıyam ki, hərdən səhvlərimiz olur. Hətta qələbə qazanmağımız da hər şeyin qaydasında olduğunu deməyə əsas vermir. Səhvlərimiz üzərində işləyəcəyik.