Müsahibə

“Kəpəz”in futbolçusu: “Belə sualları mənə verməyin”

Bu gün Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Kəpəz” səfərdə “İnter”ə 4:1 hesabı ilə məğlub olub.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra “sarı-göylər”in futbolçusu Şəhriyar Rəhimov jurnalistlərin suallarını cavablandırıb

– Qarşılaşma haqda nə deyə bilərdin?  

– Oyun haqqında danışılası çox şey yoxdur. İlk hissəni pis çıxış etmədik. İlk hissənin son dəqiqəsində buraxdığımız qol bizi “sındırdı”.    

– Toparlanmaq üçün 15 dəqiqə var idi. Ancaq ikinci hissədə tam başqa “Kəpəz” gördük…

– Razıyam, biz toparlanmadıq. Özümüzə bəraət qazandırmıram. Ancaq ikinci hissə tamamilə “İnter”in üstünlüyü ilə keçdi.    

– Hava şəraiti, süni örtüyü “Kəpəz”in oyununa təsir göstərdimi?

– İndi belə şeyləri bəhanə gətirmək düzgün olmazdı. Bu məqamlar oyuna təsir etsəydi, ilk hissədə bərbad oynayardıq. Gördüyünüz kimi, ilk hissədə qoladək pis çıxış etmədik, qol epizodlarımız da oldu. Ancaq ikinci hissədə tamamilə fərqli oyunu izlədik.  

– Baş məşqçiniz Şahin Diniyev çox məyus görünürdü. O, oyundan sonra sizə nə dedi?

– Hamımız məyusuq. Ancaq baş məşqçi paltardəyişmə otağında nə deyirsə, bunlar ailənin içində qalır. Belə ciddi bir şey olmadı. Sadəcə, nə iradları vardısa, bizə dedi.    

– “İnter” Türkiyədə, siz isə Bakıda təlim-məşq toplanışı keçmsiniz. Rəqibinizin daha yaxşı hazırlıq keçməsinin oyuna təsiri ola bilərdimi?

– Yox. Deməzdim ki, bunun təsiri oldu. Heç bir bəhanə gətirmək istəmirəm. Mərdəkanda yaxşı hazırlıq keçdik. Düzdür, ola bilər ki, orada qarşılaşdığımız rəqiblərimiz o səviyyədə deyildi. Ancaq milli komandamızın qaldığı bazada toplanışda olduq. Hava şəraiti də yaxşı idi. Buna görə dediyimiz amil bəhanə deyil.  

– Necə düşünürsən, komandanın yeni futbolçuya, yeni nəfəsə ehtiyacı var?

– Belə sualları mənə verməyin.  

– Bir futbolçu kimi fikirlərini bildirərdin…

– Mənim deməyim düzgün deyil. Necə cavab verim?  

– Dünən xəbər yayıldı ki, sponsoru “İnter”dən imtina etdi. Bundan sonra gözləyirdinizmi ki, daha yaxşı oynayardınız, rəqib futbolçular məyus olarlar?

– Kiminsə bədbəxtliyi xəbərinə sevinək ki, biz çıxıb bunlara qalib gələcəyik? Biz, sadəcə, öz oyunumuz fikirləşirdik. İlk hissədə normal futbol oynadıq. Ancaq ikinci hissədə bərbad oynadığımıza görə uduzduq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43