28 Noyabr 2024
İdman

“Kəpəz”in futbolçusu: “Oseqeyla heç bir iradımız yoxdu”

“Rəqibin gücü hamıya bəllidir, ona görə də matça ciddi önəm verirdik. Oyuna olduqca səylə hazırlaşmışdıq. Qarşılaşmanın ilk 40 dəqiqəsi onlardan geri qalmadığımızı göstərdi”. 

İdmanxeber.com-un məlumatına görə, bu fikirlər “Kəpəz”in əsas komandasının üzvü Azər Məmmədova məxsusdu. Futbolçu çempionatın 11-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirilmiş görüş haqda danışarkən klub saytına açıqlamasında belə deyib. Məmmədov sözlərinə daha sonra bu cür davam edib: 

“Birinci hissənin son 5 dəqiqəsini nəzərə almasaq, rəqiblə başa-baş oynadığımızı söyləyə bilərik. Fasiləyə kimi qısa vaxtda 2 top buraxmağımız komandanı sanki ruhdan saldı. Fikrimcə, uduzsaq da, pis çıxış etmədik. Komandanın oyununda irəliləyiş var, “Qarabağ” ilə görüşdə də bunu gördük. Razıyam ki, bəzən yaxşı oyun nümayiş etdirib nəticə qazanmaq olmur və yaxşı oynamağa görə də xal verilmir. Amma zamanla buna da nail olacağıq. Kollektiv olaraq özümüzə inamımız böyükdü. Oyunumuzu tapmışıqsa, tezliklə uğur da əldə edəcəyik. İnşallah, turnir cədvəlində sonuncu pillədən yaxa qurtaracağıq”.
 
Ağdam klubuna qarşı görüşdə “Kəpəz” penalti vurmaq imkanı qazansa da, hakimə yaxınlaşan Viktor Oseqeyl özünə qarşı qayda pozuntusunun olmadığını etiraf edərək hakimin qərarını dəyişdirib. Maraqlıdı, onun bu hərəkətini komanda yoldaşları necə qarşılayıb? Azəri eşidək: “Viktora nə fasilədə, nə də ki, oyundan sonra heç nə demədik. Ona iradımız yox idi. Heç baş məşqçimiz də narazılıq etmədi. Hamı Oseqeylin qərarına hörmətlə yanaşdı. Düzdü, 11 metrlikdən istifadə edib qol vursaydıq, nəticə başqa cür də ola bilərdi. Penaltinin reallaşmaması hardasa psixoloji cəhətdən oyunumuza təsir etdi”.
 
“Qarabağ” ilə oyunda Azər Məmmədov uzun müddətdən sonra start heyətində meydana çıxıb. Məğlubiyyətə baxmayaraq dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Məmmədovun oyunu pis alınmayıb: “Oyunum haqda özüm heç nə deyə bilmərəm. Yalnız mütəxəssislər və azarkeşlər buna qiymət verə bilər. Meydanda komanda üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Fikrim bundan sonra da yaxşı çıxış etməkdi. Çoxlu sayda azarkeş qarşısında oynayanda istər-istəməz məsuliyyət daha da artır. Fanatlarımızı məyus etmək istəmirik, bu bizə pis təsir edir. Xəbərim var ki, ətraf şəhər və rayonlardan da gəlib “Kəpəz”i stadiondan izləyənlər var. Elə sonuncu matçda bizim rayondan da gələnlər vardı. Tovuzda oynayanda atam həmişə oyunuma arenadan tamaşa edib, elə Gəncəyə də gəlib mənə dəstək olmağa çalışmışdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43