İtaliya milli komandasının baş məşqçisi Antonio Konte Azərbaycan və Norveç yığmaları ilə “Avro-2016″nın seçmə qrup matçı öncəsi mətbuat konfransı keçirib.
İdmanxeber.com-un “Report”a istinadən yaydığı xəbərə görə, 46 yaşlı mütəxəssis final mərhələsinə vəsiqəni qarşıdakı oyunlarda təmin etmək fikrində olduqlarını bildirib.
Lakin o, Azərbaycan millisi ilə görüşün heç də asan keçməyəcəyini söyləyib: “Bu rəqib yaxşı komandadır, Robert Prosineçkinin rəhbərliyi altında 4 görüşdən, o cümlədən Xorvatiya və Norveçdən xal almağı bacarıb. Ona görə də biz anlamalıyıq ki, Azərbaycanla görüş asan gəzinti olmayacaq. Eyni zamanda, 60 min nəfərlik yeni stadionda ilk oyuna çıxacaqlar. Yəni tələyə düşməyimiz üçün hər cür təhlükə var. Bu görüşə köklənməyə çalışacağıq. Rəqib bizim üçün hər an sürpriz etməyə qadir komanda təsiri bağışlayır. Bu, Fransada keçiriləcək final mərhələsinə gedən yolda bizim üçün çox vacib qarşılaşmadır. Ehtiyatlı olmalı, işləməli və Bakıdaca maksimum nəticə əldə etməyə çalışmalıyıq”.
A.Konte yığmaya çağırdığı 27 futbolçudan birini geri göndərməli olduğunu da açıqlayıb. Baş məşqçinin sözlərinə görə, bu, “Sassuolo”nun hücumçusu Domeniko Berardidir. 21 yaşlı forvardın yığmaya zədəli halda gəldiyini bildirən italiyalı mütəxəssis futbolçunu geri göndərdiklərini və yerinə yenisini götürmədiklərini açıqlayıb. Bu zaman jurnalistlər ona “Niyə Mario Balotellini çağırmadınız” sualını ünvanlayıblar. Baş məşqçi isə “Mən Marionu çağırmadım. O, öz üzərində yaxşı işləyir. Xahiş etdim ki, belə də davam etsin və yığmaya layiq olduğunu sübuta yetirsin”.
Qeyd edək ki, İtaliya millisi Azərbaycan yığması ilə oktyabrın 10-da Bakıda qarşılaşacaq. Bundan üç gün sonra “Skuadra Adzurra” Romada Norveçi qəbul edəcək.