22 Dekabr 2024
Kateqoriyasız

“Məğlub ola bilərik, amma zəif oynaya bilmərik” – Qurban Qurbanov

Azərbaycan Premyer Liqasında XXV turun “Qarabağ” – ”Sabah” (1:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə matç və çempionluğu rəsmiləşdirmələri barədə fikirlərini bildirdi…

– Futbolçularımı təbrik edirəm. Mövsüm bitməyib, amma çox layiqli çempionluq əldə etdilər. Necə başladıqsa, eyni tempdə bura gəldik. Həm çempionat, həm Avropada oyunların bu il futbolçuların böyüməsi üçün çox böyük köməyi oldu. Paltardəyişmə otağında yeni futbolçularımı təbrik etdim. Çempionluq yaşamamışdılar, onlar üçün xüsusi idi. Onların bizimlə bu ada çatması məni sevindirdi. Möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm. Rəhbərliyi təbrik edirəm. Qarşıda hələ bir neçə oyunumuz var. Bu gün çox yaxşı komandaya qarşı çıxış etdik. Bizi yorulmağa məcbur etdilər. Uğur bizimlədir. Qalib gəlməsək də, titulu əldə etdik. Bütün “Qarabağ” camiəsini təbrik edirəm.

– Azarkeşləri maraqlandıran Çempionlar Liqasıdır. Hədəfiniz nə olacaq?
– Mənə bir az vaxt lazımdır. İndi fikirlərimi tam çatdıra bilməyəcəm. Qarşıda oyunlar var və gələn ilin planını tutmamışıq. Bütün fikrimiz bu mövsümdə idi. Amma indi daha rahat hazırlaşa və plan qura bilərik. İstənilən turnirdə ən yaxşısını etmək istəyirik. Çalışacağıq ki, ilk oyundan ən yüksək formada olaq.

– Çempionluğu erkən qeyd etmək qarşıdakı oyunlara futbolçuları kökləmək baxımından nə qədər çətinlik yaradacaq?
– Son zamanlar futbolçulara peşəkarlıqdan daha çox danışıram. Bu, bizim işimizdir. Nəticə öz yerində, həmişə azarkeşlərə yaxşı oyun göstərməyə çalışmalıyıq. Məğlub ola bilərik, amma zəif oynaya bilmərik. İlboyu eyni xətlə getmək mümkün deyil. Amma qarşıdakı oyunlarda dəyişikliklər ola bilər. Mövsümboyu çox oynayan futbolçular var, onların bəzilərinə daha çox istirahəıt verə bilərik. Qarşıdakı oyunlara da tam ciddi hazırlaşacağıq.

– Patrik Andrade ilə yeni müqavilə danışıqları nə yerdədir?
– Bu məsələ qalıb. Danışıqlar gedir.

– Ötən il “Neftçi”yə məğlubiyyətdən sonra futbolçulara uduzmağı bacarmalarının lazım olduğunu dediyinizi bildirdiz. Bu 1 ildə nə dəyişdi?
– Ümumiyyətlə, nə qədər özümüzü eyni səviyyədə saxlayacağımızı desək də, yanlış etmiş olarıq. İstər-istəməz uğurlardan sonra arxayınlıq, rahatlıq gəlir ki, uduzsam da, eybi yox, heç kim heç nə deməz və s. Bəlkə də, bu, keçən mövsüm komandada hiss olunurdu. Heyətdə də çox dəyişikliklər olmuşdu. Çempion olmamaq daha çox vaxt ayırmağı tələb etdi. Digər tərəfdən, gələcək işimizə faydası oldu. Ki, başda mən olmaqla heç kimə arxayınlıq olmaz. Futbolçu dəyişə, gedə bilər. Bunun ən çox mənə faydası oldu. Çünki cavabdeh mənəm. Futbolçularda günah görmürdüm. Nə qədər hazırlasaq da, güc onlara düşür. Hər biri məsuliyyətli uşaqlardır. Bəzən gedən oyunçunun yerini rahat doldura biləcəyini düşünürsən. Amma elə deyil. Məşqçilərin savadı getdikcə çoxalır. Rəqibi analiz etmək üçün çoxlu elementlər var. Futbol o səviyyədədir ki, autsayder komanda yoxdur. Məsələn, “Səbail”ə uduzmuşuq. Keçən il böyük titulu əldən verdik, amma bunun ən çox mənim üçün faydası oldu. Amma üzülməmişdim. Çünki məsuliyyətlə çalışmışdıq.

– Qarşıda “Zirə”yə qarşı kubok oyununuz var. Rəşad Sadıqova qarşı final oynamaq necə hissdir?
– Rəşadla bəzən qarşı-qarşıya futbol oynayırdıq, çox maraqlı və aqressiv futbol alınırdı. Mənim üçün maraqlı olacaq. Rəşad çox düşünən və ideyaları olan insandır. Onun komandasına qarşı hazırlıq üçün daha çox vaxt ayırmalıyıq. Bu oyundan zövq alacam. Hələ həmin matça var. Çox həvəslə hazırlaşacağıq.

– Çempionluqda xüsusi hansı futbolçuları qeyd edə bilərsiz?
– Futbolçuları ola bilər, tam yaxından tanımırsız. Kimisə ayırsam, mənə yaraşmaz. Tam başqa bir kollektiv idi, başqa istək var idi, kasıb uşaqlar idi sanki və böyümək, pz adları ilə varlanmaq istədilər. Heç birini ayırmaq istəmirəm. Özüm üçün o qədər də yox, onlara görə çox sevincliyəm. Məsələn, Kadi Portuqaliyada aşağı yerlərdə gedən klubdan gəlmişdi, gəldi, Avropada oynadı. Əla kollektiv idi. Ona görə heç kimi ayıra bilmərəm. Güvəndiyim insanlar və futbolçulardır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43