Basketbol üzrə “Gəncə” komandasının gənc oyunçusu İslam Rzayevin idmanxeber.az saytına müsahibəsi
-Son turda “Neftçi İK”yə qalib gəldiniz. Oyun necə keçdi sizin üçün?
-Rəqibə qarşı matç çox rahat keçdi. Görüş başlayandan sona qədər oyunu biz idarə edirdik. Hər şeyi istədiyimiz kimi idi. “Neftçi”ni hərəkət etməyə qoymurduq. Azərkeşlərin də burada payı yüksək idi. Demək olar ki, rəqibə çox təzyiq edirdilər. “Neftçi”nin tələskənliyi açıq hiss olunurdu.
-Komandanın çempionluq hədəfi var. Səncə, bunu bacara biləcəksiniz?
-Mövsüm başlayanda yaxşı start götürmüşdük. Bütün komandalara qalib gəlirdik. Sonra bir neçə məğlubiyyət aldıq. Artıq səhvlərimizi düzəltmişik. Yenə də uğurlu seriyamıza davam edirik. Qələbələrin davam etməsi üçün hər şeyi edəcəyik. Bütün hədəfimiz mövsümü çempion kimi tamamlamaqdır. Yalnız çempionatda deyil, kubokda da birinci olmaq üçün mübarizə aparırıq. Kuboku Gəncəyə gətirmək istəyirik.
-Azərbaycanda gənclər adətən futbola daha çox üz tuturlar. Necə oldu ki, basketbola marağın yarandı?
-Basketbol ən sevdiyim idman növüdür. Həmişə marağım olub. Uşaq vaxtı hər zaman özüm üçün oynayırdım. İstər məktəbdə, istər çöldə. Fərq etmirdi. Sonra başladım oyunları izləməyə. NBA və Avroliqa görüşlərini buraxmırdım. Xoşladığım oyunçular var idi. Ən sevdiyim oyunçu təbii ki, Kobe Bryant idi. Onu tanıdıqdan sonra başladım ciddi məşğul olmağa. Mənə basketbolu Kobe sevdirib.
-Gələcəkdə hansı böyük klubun formasını geyinmək istəyirsən?
-Hazırda tək məqsədim öz klubuma faydalı olmaqdır. Hər bir oyunçunun ilk məqsədi bu olmalıdır. Hələlik “Gəncə” üçün mübarizə aparıram. Ancaq gələcəkdə Avropada çıxış etmək niyyətim var. Xəyalımdakı klub NBA komandalarından biridir. Hər oyunçu karyerasını NBA-da davam etdirmək istəyər.
Həsən Quluzadə