“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqanın 24-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
İdmanxeber.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu komandaya qarşı oynamaq xoşdur. Amma 9 günün içində eyni rəqiblə 3 dəfə qarşılaşmaq futbolçulara mənfi təsir edir. Vacib qalibiyyət əldə etdik. Futbolçularım çox əziyyət çəkdi. Neçə gündür yaxınlarından, doğmalarından uzaqdırlar. Bu mənada, bir az psixoloji yorğunluq var idi. Oyun kənardan sönük görünə bilər. Amma ümumi göstəricilərə baxsaq, oyunçularımın xeyli güc sərf etdiklərini görmək olar. “Qəbələ” də uduzmaq istəmirdi. Rəqibə uğurlar arzulayıram”.
Komandasını “qırmızı-qaralar”la Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçına yaxşı hazırlayacağını söyləyən Qurbanov hələlik çempionluq barədə düşünmədiyini vurğulayıb:
“Amma reallığa baxsaq, ola bilər. “Neftçi” də məğlub olmaq istəmir. Sonadək mübarizə aparmaq əzmindədir. Bundan sonrakı məğlubiyyətlər çempionluğumuza mane ola bilər. Bunu düşünmədən qarşıdakı matçlara ciddi hazırlaşacağıq ki, rəqibə şans verməyək. Bilirsiniz ki, mən hər zaman ehtiyatlanıram. Bir şeyi qazanmamışamsa, əminliklə danışa bilmərəm. Çünki məndən asılı olmayan səbəblər var”.