Sabah Premyer Liqanın X turuna start veriləcək. Turun açılış matçında "Rəvan" "Neftçi"nin qonağı olacaq. "Sarı-qırmızılılar"ın futbolçusu Novruz Məmmədov "ağ-qaralar"la çətin matç öncəsi idmanxeber.com-un suallarını cavablandırıb.
– Sabah "Neftçi" ilə çətin oyununuz var. İkinci dövrəyə uğurlu start götürmək üçün rəqibinizi büdrətməniz gərəkdir. Səncə, bu sabahkı oyunda alınacaqmı?
"Neftçi" ilə bizi çətin oyun gözləyir. Azərbaycanda 3 il ard-arda çempion olmuş, heyətini qorumuş komandadır. Rəqibə hörmət edirik, ancaq biz sabahkı oyunda nəticə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq.
– Rəqibin 3 il ard-arda çempion olmasına toxundun. "Neftçi"nin titulları sizi qorxutmur ki?
Yox, əgər qorxuruqsa onda meydana çıxmayaq da.
-İlk dövrədən sonra "Rəvan"ın turnir cədvəlindəki yeri ürəkaçan deyil. "Rəvan"dan ikinci dövrədə nə gözləmək olar?
Çalışacağıq ki, ikinci dövrədə daha yaxşı nəticələr qazanaq və istədiyimiz, qarşımıza qoydiğumuz məqsədə çataq. Xal ehtiyatımızı artırmağa çalışacağıq.
– Komandanın heyətində Rəşad Abdullayev, Aqil Nəbiyev kimi təcrübəli futbolçular var. Ancaq nəticə yoxdur. Səbəb nədir?
Adını çəkdiyiniz futbolçular komandaya gec qoşuldu. Uyğunlaşma çətin şeydi. Ona görə, bir az problemlərimiz oldu. Belə götürəndə də son turlar pis oynamadıq. Nəticələr də oldu.
– Şahin Diniyev amili sizə nə dərəcədə köməyi dəyə bilər?
Şahin müəllim təcrübəli baş məşqçidir. Əgər onun verdiyi tapşırıqları vaxtında yerinə yetirə bilsək, o zaman nəticələrimiz də olacaq.
– Diniyevi "Rəvan"dakı debüt matçında sevindirə biləcəksizmi? Ən azı bir xal olsa belə.
Sevindirə biləcəksizmi deyəndə ki, çalışcağıq. İndi durum mən söz verim ki, qalib gələcəyik, bu düz çıxmaz axı…
– Bəs sabahkı oyunda iddianız nədi?
Çıxıb vuruşmaq, mübarizə aparmaq. Çalışacağıq ki, "Neftçi"dən xal alaq.