“Barselona”nın ulduzu Lionel Messiylə bağlı sensasiyalı iddia irəli sürülüb.
Kataloniya klubu və Argentina millisindəki ümumilikdə son 25 oyunun yalnız birini əvəzolunmadan keçirən Messinin sol ayağının arxa əzələlərində çürümə aşkarlandığı bildirilir.
Qeyd edək ki, Messinin son matçları axıra qədər oynamaması onunla bağlı narahatlığı artırıb. Madrid “Atletiko”su ilə bu həftə baş tutan superkubok matçında zədələnən və meydanda olduğu müddətdə tez-tez əli ilə sol ayağının arxa hissəninə toxunan argentinalı oyuna yaxşı köklənə bilməyib. O, həmin matçda istənilən səviyyədə çıxış edə bilməyib və Sesk Fabreqasla əvəzlənib.
Yeri gəlmişkən, Messinin sol ayağının əzələlərində çürümə aşkarlanması haqda xəbər “Barselona” klubuna istinadla verilib. Qeyd olunub ki, həkimlər Messinin gələcək karyerası haqda ümidli deyillər.
Amma klubun saytında bununla bağlı hər hansı xəbər yoxdur. Ümumiyyətlə, hələlik “Barselona”nın rəsmi nümayəndələrindən kimsə bununla əlaqədar açıqlama verməyib.
Bu mənada, indidən məlumatın həqiqəti nə dərəcədə əks etdirməsi haqda qəti fikir yürütmək çətindir.