“Barselona” klubunun ulduz futbolçusu Lionel Messi “Madrid-2020” Olimpiya Komitəsi tərəfindən ona təklif olunan fəxri elçilik vəzifəsini rədd edib.
Bu barədə komitənin sədri Alexandro Blanko açıqlama verib.
O Messinin bu qərarına hörmətlə yanaşdıqlarını və sentyabrın 7-nə kimi digər idmançılarla danışıqlar aparacaqlarını bildirib: “Messiyə Madridə dəstək olması üçün təklif göndərdik. Ancaq o bunu qəbul etmədi. Təbii ki, bu qərar hörmətlə yanaşırıq. İspaniyanın kifayət qədər tanınmış idmançıları var. Artıq sentyabrın 7-nə kimi onlarla danışıqları yekunlaşdıracağıq”.
Qeyd edək ki, İspaniya daha öncə “Real” (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldodan 2020-ci il Olimpiya Oyunlarının Madriddə təşkil olunması üçün bir reklam filminə çəkilməsini istəmiş və bu təklif portuqaliyalı futbolçu tərəfindən müsbət qarşılanmışdı.