Bakı Metropoliteni “Qarabağ” futbol klubunun Belçika “Anderlext”i ilə Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra metronun daha gec bağlanması ilə bağlı müraciətini cavablandırıb.
İdmanxəbər.com-un məlumatına görə, qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev “Report”a açıqlamasında müraciətin müsbət cavablandırıldığını bildirib.
Onun sözlərinə görə, Bakı Metropoliteni gecə saat 01:00-dək açıq olacaq. N.Paşayev qeyd edib ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar “Gənclik” stansiyasında girişi nizamlanacaq: “Sərnişinlərdən xahiş edirik ki, böyük sıxlıq yaranmaması üçün yaxın stansiyalar olan “28 May” və ya “Nəriman Nərimanov”dan da istifadə etsinlər. Metropolitenin bütün stansiyaları saat 01:00-dək açıq olacaq və xahiş edirik ki, vaxtın çoxluğunu nəzərə alaraq böyük sıxlıq yaratmasınlar”.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Anderlext” matçı saat 22:00-da başlanacaq.