Milli Olimpiya Komitəsində İcraiyyə Komitəsinin üzvü, “Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə idman ictimaiyyətinin nümayəndələri – tanınmış idmançılar və mütəxəssislər iştirak edirdilər.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Sadıq Sadıqovun ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişafındakı xidmətlərindən danışdı və bu fəaliyyətinə görə ona təşəkkürünü bildirdi. MOK rəsmisi qeyd etdi ki, hələ sovet dövründən bu klub idmanın inkişafına böyük dəstək verib, Olimpiya, dünya, Avropa çempionları yetişdirib. Çingiz Hüseynzadə Sadıq Sadıqovun Cüdo Federasiyasının vitse-prezidenti kimi də uğurla fəaliyyət göstərdiyini vurğuladı.
MOK-un vitse-prezidenti idman sahəsindəki xidmətlərinə görə yubilyarı xüsusi hədiyyə ilə təltif etdi.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev də çıxışında Sadıq Sadıqova ən xoş arzularını çatdırdı və onun fəaliyyətini yüksək qiymətləndirdi. O, yubilyarın Azərbaycan idman ictimaiyyəti arasında bacarığı və işgüzarlığı ilə seçildiyini söylədi.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov, Olimpiya kateqoriyalı hakim Hicran Şərifov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Olimpiya çempionu Namiq Abdullayev, MOK-un baş katibi Ağacan Abiyev, əməkdar məşqçi Ağayar Axundzadə və “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev Sadıq Sadıqovun fəaliyyəti dövründə əldə etdiyi uğurlardan söhbət açaraq onu peşəkar, hər kəslə dil tapmağı bacaran idarəçi kimi dəyərləndirdilər. Natiqlər yubilyarın hələ “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti olduğu dönəmdə 3 dəfə Azərbaycan çempionluğu, 2 dəfə ölkə kuboku və Avropa Liqasının qrup mərhələsinə vəsiqə sevinci yaşadığını söylədilər. Onlar öz xatirələrini bölüşdülər, yubilyarı təbrik edərək, ona uzun ömür, cansağlığı, gələcək fəaliyyətində uğurlar dilədilər.
Tədbirin sonunda Sadıq Sadıqova MOK və idman ictimaiyyətinin hədiyyələri təqdim olundu.
Səmimi təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirən yubilyar Azərbaycanda idmanın inkişafı, Olimpiya Hərəkatının genişlənməsi yolunda bundan sonra da səylə çalışacağını bildirdi.