Futzal üzrə Azərbaycan millisi və “Araz”ın baş məşqçi Joze Alesio Da Silva Azərbaycan Futzal Federasiyasının saytına müsahibə verib.
– İlk iki dövrə ilə bağlı düşüncələrinizi bilmək istərdik…
– Qırmızı vərəqələr də az olmadı. Xüsusilə də elə oyun oldu ki, hər iki qapıçınız cəzalı olduğuna görə, “çərçivə”də Rizvan dayandı. İntizam niyə bu qədər zəif oldu?
– Həqiqətən də intizamla bağlı məsələ çox ciddi problemlər yaratdı bizə. Bunu danmıram. Deyəcəksiz ki, baş məşqçisən, bunun qarşısını niyə almırsan? İstər məşqdə, istər fərdi söhbətlərdə, istərsə də oyun zamanı bununla bağlı nə qədər xəbərdarlıq edirdim. Əsas problem bilirsiz nədir? Heyətimizdə rəqabətin olmamasıdır.
– Buna toxunacaqdıq. Heyətin az olması işinizə çox mane olurdu?
– Heyətimiz kifayət qədər azdır. Əgər futzalçı onu əvəzləyəcək komanda yoldaşının hazır dayandığını, onun nəfəsini hiss etmirsə, meydanda intizamsız olmaqdan belə çəkinməyəcək. Halbuki, məşqçi kimi mənim əsas tələbim intizamla bağlıdır.
– Deməli, heyətdə dəyişikliklərin olacağı qaçılmazdı?
– Olacaq, lazımdır. Bu haqda rəhbərliklə də danışmışam. Yəqin ki, legionerlər cəlb edəcəyik.
– Braziliyalı futzalçılara üstünlük verəcəksiniz?
– Xeyr, iranlı oyunçulardan bir neçəsini komandamıza cəlb edəcəyik.
– Namizədləriniz varmı?
– Var, ancaq heç biri ilə tam anlaşmamışıq. Anlaşma əldə edildikdən sonra adlarını açıqlaya bilərəm.
– Komandadan kimləri göndərmisiniz?
– Elşən İbramxəlilov və Ruzigar İbrahimzadə ilə yollarımızı ayırdıq.
– Hazırlıq planları necədir?
– Dekabrın 26-dakı məşqdən sonra komanda üzvləri istirahətə yollanacaq. Yanvarın 7-də məşqlərimizi bərpa edəcəyik. Məşqlərimizi Bakıda keçirəcəyik.
– Bəs milli ilə bağlı hansı yeniliklər var?
– Apreldə təlim-məşq toplanışına yığışmağı planlaşdırırıq. Ola bilsin, Küveytlə iki yoldaşlıq oyunu keçirək. Bu plan reallaşmasa, Serbiya ilə qarşılaşmağımız mümkündür. Onlar bizimlə oynamaq istəyirlər. Oyunların harda keçiriləcəyini danışacağıq. Sentyabrda isə Rusiyada turnir təşkil ediləcək. Orada iştirakımızla bağlı da şifahi təklif almışıq. Ancaq hələ rəsmi təklif və təsdiq yoxdur. Avqustda da toplanış keçirə bilərik. Yoldaşlıq oyunlarının sayını çoxaltmalıyıq.
– Bəs ilkin mərhələdə çıxış edəcək rəqibləri izləmək fikriniz varmı?
– Mümkündür. Ola bilsin, hansısa qrupun oyunlarına baxım. Moldova və ya Finlandiyanın, digər qrupdan isə Bolqarıstanın şanslı olduğunu düşünürəm.
– Martda U-19 yığmamız da Avropa çempionatının əsas mərhələsində oyunlar keçirəcək. Bu komandanın məşqlərini izləyirsinizmi?
– Bir müddət səhhətimlə əlaqədar məşqləri və oyunları izləyə bilmədim. Yanvardan bir yerdə işləyəcəyik və hazırlıqlara nəzarət edəcəm.
– Noyabr ayında U-19 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki oyun keçirdi və fərqli nəticələr qeydə alındı. Siz bunun səbəbini nə ilə izah edə bilərsiniz?
– Birinci oyunda qələbə qazandıq. İkinci qarşılaşmadakı yenilgi fiziki hazırlıqdan daha çox psixoloji durumla bağlı idi. Onların əksəriyyəti ilk dəfə beynəlxalq oyunda iştirak edirdilər. Üstəlik, intizam və taktiki gedişlərlə bağlı da görüləsi işlər var.
– Qrupdakı rəqiblərin ikisi məlumdur. Mərhələ adlamaq şansları varmı?
– İki komanda növbəti mərhələyə yüksələcək. İlk dəfə keçirilsə də, Sloveniyada, Hollandiyada bu cür komandalar var idi. Ona görə də işləmək lazımdır. Şans hər zaman var. Qalır bundan istifadə etmək.