U-17-lər arasında Avropa çempionatının ilkin seçmə mərhələsində keçirilmiş Belçika – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Mirbağır İsayev matç barədə fikirlərini bildirib:
İdmanxeber.com-un məlumatına görə, M.İsayev bu sözləri deyib:
“Qolların üçünü də standart vəziyyətdən buraxdıq. İki qol künc zərbəsindən sonra, digəri isə 11 metrlik cərimə zərbəsindən vuruldu. Əsas problemimiz qapı xətti ilə bağlı idi. Cərimə meydançamıza göndərilən topların əksəriyyəti bizim üçün təhlükə yaradırdı. Bununla belə, komanda var gücü ilə mübarizə apardı. Çatışmazlıqlara baxmayaraq, futbolçularımıza hər hansı iradım yoxdur. Turnir cədvəlində balans yaratmaq üçün bir qələbəyə ehtiyacımız var. Hazırda əsas məqsədimiz komandanı növbəti oyunlara hazırlamaqdır. Qrupumuzdan elit-raunda iki komanda vəsiqə qazanacaq. Bu baxımdan uğurlu nəticə əldə etmək şansımızı itirməmişik. Qarşıdakı iki oyuna yüksək səviyyədə hazırlaşaraq məqsədimizə nail olmağı düşünürük”.