AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan millisinin üzvü Cavid Hüseynov açıqlama verib.
31 yaşlı yarımmüdafiəçi öncə oyunla bağlı danışıb:
“Komandada inam var idi. Bunu hiss edirdik. Sadəcə olaraq rəqibimiz Xorvatiya idi. Onlar şansları hər zaman dəyərləndirə bilirlər və hücumlarının ardı-arası kəsilmirdi. Amma buna bir az dözmək lazım idi. Onlar da səfər oyunundan gəlmişdi. Yorğun olduqlarını biruzə verirdilər. İkinci hissədə isə bizim şanslarımız oldu. Hətta qalib gələ bilərdik”.
Hüseynov inam hisslərinin olduğunu deyib: “Bizdə inam hissi var idi. İnam hiss ola-ola böyük hesabla məğlub olmaq da var. İnam hissi mövcuddur, hələ ki, yaşayırıq”.
Yarımmüdafiəçi seçmə mərhələdəki digər görüşlərdə də xal qazanmaq üçün çalışacaqlarını söyləyib: “Bu barədə indidən nəsə demək çətindir. Doğma meydanda Uelslə matçımız var. Düşünürəm ki, evdə bu komandaya qalib gəlmək olar.
Futbolçu “Heç-heçə müqabilində mükafat alacaqsınızmı” sualına belə cavab verib: “Mükafat olacaq. Min bərəkət (gülür)”.