16 Fevral 2025
Ölkə futbolu

Musa Qurbanlı: “Bu, derbidi, bizim üçün xüsusi oyundu”

“Neftçi” ilə oyuna hazırlıq yaxşı gedir. Görüşə ciddi hazırlaşırıq. Bu, derbidi, bizim üçün xüsusi oyundu. Həmişə “Neftçi” ilə matçlara başqa cür yanaşırıq. Rəqibimiz son oyunlarda yüksəlişdədi, ardıcıl qələbələr qazanırlar. Bunlar bizi daha ciddi hazırlaşmağa vadar edir. Belə oyunların motivasiyası yüksək olur. Ümid edirəm ki, qalib gələn tərəf biz olarıq”.

Bu sözləri İdmanxeber.az saytına “Qarabağ”ın hücumçusu Musa Qurbanlı Misli Premyer Liqasının XXIII turu çərivəsində qarşılaşacaqları “Neftçi” oyunu barədə danışarkən deyib. O, cari mövsüm komandanın avrokuboklardakı uğursuz nəticələrinin çempionat oyunlarında təzyiq yaradıb-yaratmaması haqda bunları deyib:

Mən buna təzyiq yox, gözləntilər deyərdim. Bunlar da çox normaldı. Çünki illərdi “Qarabağ”ın üzərində böyük yük var. Komanda qazandığı uğurlarla azarkeşlərdə böyük sevinc yaşadıb. Gözləntilər hər zaman yüksəkdi. Ona görə də nəticələr olmayanda müəyyən fikirlər olur.

Avrokubok mövsümünü uğurlu keçirməsək də, qrup mərhələsinə yüksəlməyi bacarmışdıq. Artıq bu nəticə insanların gözündə adi görünür. Bəli, keçən mövsüm “Qarabağ” tarixi nəticələr qazandı. Bu səbəbdən də azarkeşlər bizdən daha böyük uğurlar gözləyirlər. Amma bu, hər mövsüm olmur. Bəlkə də kimlərsə “Qarabağ” dönəminin bitdiyini düşünür. Biz qətiyyən o fikirdə deyilik. Məğlubiyyətlərdən dərs çıxarıb gələcəkdə daha uğurlu nəticələr qazanmaq istəyirik”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43