26 Dekabr 2024
Kateqoriyasız

“Mütləq araşdıracağıq” – Rəşad Sadıqov

“Zirə” Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə edib.

Q buarşılaşmadan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

“Maraqlı oyunun şahidi olduq. Çempionatımızda belə oyunların sayı nə qədər çox olsa, futbolumuz, futbolçularımız o qədər çox inkişaf edəcəklər. Dinamik, sürətli oyun izlədik. Üstünlük daim bir tərəfdən o biri tərəfə dəyişirdi. Oyuna biz yaxşı başladıq. Qoldan başqa istifadə edə bilmədiyimiz qol imkanlarımız var idi. Sonra “Qəbələ” oyunun gedişatını nəzarətə götürdü. Daim oyunun içində ərazi üstünlüyü dəyişirdi. Hər iki komanda yaxşı və maraqlı futbol göstərdi. “Qəbələ”ni təbrik edirəm. Çox yaxşı komanda formalaşdırıblar. Bu gün çempionatımızın ən yaxşı formada olan 2-3 komandasında biridilər. Qəbələ səfərində 1 xal da yaxşı nəticədi. Qalib də gələ bilərdik. Qələbə qazanmaq üçün ikinci qolu vurmaq lazım idi. Əlimizə düşən şansları dəyərləndirmək lazım idi. Bu, bizdə alınmadı. Əksinə rəqib səhvimizdən istifadə edib hesabı bərabərləşdirdi. Dəyişikliklərdən sonra son 6-7 dəqiqədə oyuna biz nəzarət edirdik.

 

Ümumi olaraq çıxışımızı yaxşı dəyərləndirirəm. İlk milli fasiləyə kimi iki ev oyununda cəmi bir xal qazandıq. Ondan sonrakı 5 oyunda 11 xal qazanmağımız bizim üçün yaxşı göstəricidi. Hər oyundan oyuna inkişaf edirik. Bəzi itkilərimiz var. İkinci hissənin sonunda hücumu gücləndirmək istəyirdim, amma əlimizdə hücumçu yox idi. Məcburiyyətdən meydana müdafiəçi buraxdıq ki, başqa şeylər edək. Qış fasiləsinə kimi zədəliləri kompensasiya etməyə çalışacağıq. Qismət Alıyev “Sumqayıt”la oyunda zədələnmişdi. Bir həftədi ki, bizimlə deyildi. Ümumi götürsək yaxşı qiymətləndirirəm. VFutbolçular tapşırıqları düzgün yerinə yetirməyə çalışırlar. Müdafiə, hücum fazasında istədiyimiz davranışlar var. Futbolçular istəkli, həvəsli, nizam-intizamlıdılar.

Hər komanda istəyər ki, heyətini daha da gücləndirsin. Əslində mən də mövsümün əvvəlində daha geniş heyət planlaşdırırdım. Amma transfer siyasəti elədi ki, həm maddi durumdan, həm də təklif olunan, əlində olan futbolçulardan asılıdı. Alınsa, qışda heyətimizi bir az genişləndirmək istəyirik.

Düzdü heyətdə daha təcrübəli futbolçular var. Amma Cəlal Hüseynovu mən 2-3 il sonra millinin aparıcı oyunçusu kimi görürəm. Meydanda soyuqqanlılığı, xarakteri ilə də göstərdi ki, seçimdə yanılmamışıq. Əsas kapitanımız Ağabala Ramazanov, ikinci isə Qismət Alıyevdi. Üçüncü kapitan kimi Cəlalı düşünürəm. Ona şans verməklə istəyirəm ki, bir az da bərkisin, məsuliyyəti artsın. Bu gün yükün altından layiqincə çıxdı.

Biz təklif edirik ki, 21 yaş limiti ləğv olunsun, amma komanda sayı artırılsın. Belə olan halda bütün gənclər oynayacaq. Mən 18 yaşımda Premyer Liqada debüt etmişəm. Çünki, komanda sayı çox idi, regionlarda futbol var idi. Hamı gənc futbolçulara şans verməyə çalışırdı. İndi 8 komanda var. Bunların hamısı avrokuboklara iddialıdısa, təbii ki, məşqçilər gənclərə az şans verəcək. Milan Obradoviç desəydi ki, komada sayı artırılmalıdı, bu daha məntiqli olardı. İkinci dəfədiki, açıqlamasında belə ifadə işlədir ki, oyunçular fiziki cəhətdən zəifdi. Keçən dəfə də, Rauf Hüseynlini qeyd etmişdi. Bu dəfə də onu oynatmadı. Mən bir məqama toxunum, bəlkə də hazırda çempionatda fiziki cəhətdən ən hazır futbolçu Raufdu. İlk təlim-məşq toplanışını “Qarabağ”la keçib, sonra bizimlə. Kiminsə oyunu yaxşı alınmırsa, bu, tək fiziki hazırlıqla bağlı deyil. Hər şeyi fiziki durumla bağlamaq 10-15 il əvvəldə qaldı. Bir-birimizin üstünə səhvləri atmaq yaxşı bir şey deyil. Biz də çox şeylər danışa bilərik, amma danışmırıq. Çünki, həmkarıq, nəsə olanda daim dəstəkləməyə çalışırıq. Xahiş edirəm ki, bütün həmkarlar buna diqqət etsinlər. Elə danışsınlar ki, həmkarının işinə qarışmasınlar. Danışmağa qalsa, saatlarla danışarıq. Çünli, problemlər var. Bu elə bir işdi ki, burada səhvsiz mümkün deyil.

Oyunun sonunda bir az gərginlik oldu. Ehtiram Şahverdiyevlə Çantakiasın arasında oyunun son dəqiqələrində nəsə olmuşdu. Hamımız Ehtiramı sakitləşdirməyə çalışırdıq. Çox gərgin idi, çox qarışıqlıq idi. Heç bilmədik nə baş verib. Mütləq araşdıracağıq. Əgər bizim futbolçunun bu məsələyə aidiyyatı varsa, mütləq tədbir görəcəyik. Bunlar qəti şəkildə xoşlamadığım şeylərdi. Ehtiram da son zamanlar yaxşıformada idi. Meydana çıxanda sonra oyun dəyişdi. Maksimum çalışıb belə şeylərdən uzaq olmalıyıq ki, inkişafımıza mane olmasın.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43